09 sentyabr 2019 10:55
114

Ankarada Azərbaycan Günləri keçirilib

Ankarada keçirilən XVI Beynəlxalq Anadolu günləri mədəniyyət və incəsənət festivalı çərçivəsində Azərbaycan Günləri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Günlərində yerli ictimaiyyətlə bərabər rəsmi şəxslər, diplomatlar, Şirvan şəhərində gələn nümayəndə heyəti iştirak edib.

Festivalın bağlanışı və Azərbaycan Günlərinə dair rəsmi tədbirdə Etimesgut bələdiyyəsinin sədri Ənvər Dəmirəl, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Şirvan şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov və digərlərinin çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafının əhəmiyyəti barədə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin nəsihətləri xatırlanıb. Vətənlərimizin qorunması, torpaqlarımızın bütövlüyü uğurundan canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.

Elan edilib ki, sentyabrın 7-də PKK terrorçuları ilə atışmada xüsusi təyinatlı polis briqadasının Mardin şöbəsinin rəisi, əslən Etimesgut rayonundan olan Tufan Kansuvanın şəhid olması ilə əlaqədar tədbirin musiqili hissəsi ləğv olunub.

Qeyd edək ki, Etimesgut rayon bələdiyyəsi tərəfindən təşkil olunan, açılışı avqustun 30-da keçirilən festivalda Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən qurulan ölkəmizə aid stend festivalın sonunadək fəaliyyət göstərib.