10 yanvar 2020 20:06
166

Anqolada yağıntılar 41 nəfərin həyatına son qoyub

Anqolanın mülki müdafiə üzrə milli komissiyası bəyan edib ki, yağış mövsümündə ölkənin 12 əyalətində 41 nəfər həlak olub, mindən çox ev dağılıb və ümumilikdə 11990 nəfəri əhatə edən 2498 ailə zərər çəkib.

Anqolanın Daxili İşlər naziri, komissiyanın əlaqələndiricisi Ejenio Laborinyonun sözlərinə görə, 2019-cu ilin avqustundan indiyədək yağışlar nəticəsində 12 kilsə və 4 körpü uçub, 1145 evin bir hissəsi dağılıb, 975 ev su altında qalıb.

Mülki müdafiə üzrə milli komissiyanın verdiyi məlumata görə, 2019-cu ildə ölkənin cənub hissəsində güclü quraqlıq müşahidə edilib, Kunene, Uila, Namibe, Kuando Kubanqo əyalətləri, Kvanza-sul və Benqel əyalətlərinin bir hissəsi daha çox zərər çəkib, bu ərazidə 30823 heyvan tələf olub.

Ejenio Laborinyo deyib ki, zərər çəkən regionlarda quraqlıq, xüsusən kənd rayonlarında, təşviş doğuran səviyyədədir.

Anqola rəsmisi qeyd edib ki, hökumətin zəruri dəstək göstərmək yolu ilə vəziyyəti nizamlamaq cəhdlərinə baxmayaraq, bu əyalətlərdə hələ də doyunca yeməmə, məktəblilərin və tələbələrin təhsildən yayınması hallarının yüksək səviyyəsi müşahidə olunur.

Bununla bağlı mülki müdafiə üzrə milli komissiya vətəndaş cəmiyyətini quraqlıq və digər təbii fəlakət qurbanlarına zəruri yardım göstərməyi davam etdirməyə çağırır. Komissiya qeyd edir ki, məhsul əldə edən şəxslər onu ehtiyacı olanlara yönəltməlidirlər. Əks halda onlar hüquqi normalara müvafiq olaraq məsuliyyət daşıyacaqlar.

Komissiyanın əlaqələndiricisi qeyd edib ki, ölkədə həyatqabiliyyətli icmaların yetişməsi prioritet məsələdir. Bu səbəbdən Anqolada vəziyyəti yaxşılaşdırmaq məqsədilə mülki müdafiə işlərinə yeni yanaşma həyata keçirilir. Komissiya milli və əyalətlər səviyyəsində fövqəladə hallara hazırlığın, fövqəladə vəziyyətlərdə fəaliyyətin, yanaşma və bərpanın təminatı planlarını yeniləmək niyyətindədir. Komissiya, həmçinin təbii fəlakətlər zamanı fəaliyyətin planlaşdırılmasını və regionun müxtəlif sektorları arasında yanaşma tədbirlərində uzlaşmanı yaxşılaşdırmaq məqsədilə Operativ Əlaqələndirmə Mərkəzinin işini bərpa etməlidir. //AZƏRTAC