27 iyul 2020 11:11
376

Antimilli ünsürlər ermənilərlə əlbir olublar

Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı və digərləri kimlərə işlədiklərini və maraqlarının nədən ibarət olduğunu bir daha inümayiş etdirdilər

 

İşğalçı Ermənistanın hərbi birləşmələri tərəfindən Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə hücumundan və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycan xalqı bir daha güclü milli birlik və həmrəylik nümayiş etdirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, xalqımız, cəmiyyətimiz ümummilli məsələmiz olan torpaqlarımızın düşmənlərdən qorunması və azad edilməsi prosesində möhtəşəm birlik göstərməkdədir:

“Bu günlərdə istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda dünyanın bütün dövlətlərində azərbaycanlılar möhkəm milli birlik və həmrəylik nümayiş etdirir. Dünyanın hər bir nöqtəsində soydaşlarımız dinc aksiyalar, yürüşlər keçirərək Azərbaycanın haqq sözünü və erməni təxribatını dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Bu isə düşmənlərimizin hiddətinə səbəb olur və onlar yeni təxribata əl atırlar.

Paşinyan hakimiyyəti soydaşlarımıza qarşı yeni təxribat və terror dalğası başladır. Ermənilər Los Ancelesdə, Avropada və Rusiyada təxribatlara əl ataraq azərbaycanlılara qarşı etnik terror törətməyə çalışır. 120 ildən artıq yaşı olan erməni terror təşkilatı ASALA və digərlərinin də fəallaşması diqqətdən yayınmır.

Hər zaman vandalizm aktları və vəhşilikləri ilə "fərqlənən" ermənilər soydaşlarımızın keçirdikləri həmin dinc aksiyalar zamanı da öz "ənənələrinə" sadiqlik nümayiş etdirirlər, insan haqlarını kobudcasına pozurlar. Artıq Los Ancelesdə və bır sıra Avropa ölkələrində törədilən erməni vəhşiliyi nəticəsində yaralanan soydaşlarımız, o cümlədən azərbaycanlı jurnalist də var.

Digər tərəfdən isə bu günlərdə "milli şura" ətrafında yığışan antimilli ünsürlər də ermənilərlə əlbir olduqlarını, onlara xidmət etdiklərini bir daha nümayiş etdirdilər. Cəmil Həsənli, Əli Kərimli, Sevinc Osmanqızı və digərlərinin xalqımızın milli həmrəylik aksiyalarını xuliqanlıq adlandırması bunların iç üzünü bir daha Azərbaycan xalqına açdı və bunların kimlərə işlədiklərini və maraqlarının nədən ibarət olduğunu bir daha ictimaiyyətimizə nümayiş etdirdi.

Bunların əməllərinin adı yoxdur. Düşmənin bir sifəti var, düşmən düşməndir və biz bunu açıq görürük. Ancaq bu antimilli ünsürlərin sifəti yoxdur. Sən azərbaycanlı adı daşıyasan və dövlətinə, xalqına, Vətəninə qarşı belə fikir səsləndirəsən – buna ad tapıb demək olmur. Bu onu göstərir ki, bunların qanı başqa qandır.

Vətəni sevən insan hər zaman ölkəsinin qüdrətlənməsinə, qalibiyyətinə, xalqının milli birliyinə, həmrəyliyinə, düşmən qarşısında eyni platformadan çıxış etməsinə sevinməlidir və bu iş üçün əlindən gələni əsirgəməməlidir. Ancaq antimilli ünsürlər bunun tam əksini göstərirlər və bununla da ermənilərə, ermənipərəst mərkəzlərə işləmələrini sübut edirlər. Bunların bu əməlləri, pis niyyətləri də həmişəki kimi puça gedəcək, çünki Azərbaycan xalqı son hadisələr zamanı bir daha göstərdi ki, hər zaman öz Prezidenti ətrafında sıx birləşib, vətənini sevən xalqdır, öz dövlətinə sadiq xalqdır və bu antimilli ünsürlərin nə demələrinə baxmayaraq Azərbaycan xalqı, dövləti hər zaman öz qüdrətini nümayiş etdirəcək, Ali Baş Komandanın rəhbərliyi altında öz doğma torpaqlarına dönəcək. Antimilli ünsürlərin, ermənipərəst mərkəzlərin isə niyyətləri gözlərində qalacaq”.