08 fevral 2019 10:54
303

Aprel döyüşləri şəhidinin ailə üzvləri ilə görüş FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olan Ömər Cəbrayılovun ailə üzvləri ilə görüşüb. Rayonun Şəkili kəndində Ömərin böyüyüb boya-başa çatdığı evdə keçirilən görüşdə şəhid ailəsinin üzvləri və qohumları ilə yanaşı, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Ağdaş rayon şöbəsinin üzvləri də iştirak ediblər.

C.Osmanov ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşırdı: “Ümummilli Liderimizin bu siyasəti hazırda Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə şəhid ailələri ilə görüşün keçirilməsi, müavinətlərlə bağlı əlavə tədbirlər görülməsi, birdəfəlik müavinətin illər öncə onu almış şəhid ailələrinə də verilməsi yönündə qərar bütün xalqımızı ürəkdən sevindirdi, qürurlandırdı.” Milli Məclisin deputatı qeyd edib ki, bütün bunlar ölkə Prezidentinin, Azərbaycan dövlətinin şəhid ailələrinə, şəhidlərə dərin ehtiramının, diqqət və qayğısının növbəti əyani təzahürüdür.

Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirən şəhid atası Məzahir Cəbrayılov qeyd edib ki, ağdaşlı şəhid ailələri hər zaman dövlət başçımızın ətrafında sıx birləşiblər, onlar da Ali Baş Komandanın bir əmri ilə silaha sarılaraq torpaqlarımızı azad etməyə, şəhid övladlarının qanını almağa hər zaman hazırdılar.

Orxan Vahidoğlu, “İki sahil”