28 yanvar 2020 18:47
1502

Aqiyə Naxçıvanlı seçicilərə hesabat verib - FOTO

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Yanvarın 28-də A.Naxçıvanlı Oğuz rayonunun Sincan, Tərkeş və Dəymədağlı kəndlərində seçicilərlə görüşüb.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov  çıxış edərək  ölkədə hər bir sahədə gedən inkişafdan, dövlət başçısının həyata keçirdiyi islahatlardan danışıb.

Deputatlığa namizədin vəkilləri isə çıxışlarında Yeni Azərbaycan Partiyasının seçki platforması və Aqiyə Naxçıvanlının fəaliyyəti haqqında geniş məlumat veriblər.

Aqiyə Naxçıvanlı çıxışında ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi böyük islahatlardan danışıb. O, əvvəlki deputatlığı dövründə gördüyü işlər barədə seçicilərə hesabat verib.

Çıxış edən kənd sakinləri Elçin Xasıyev, Güleybət Rəşidova, Aidə Hacıyeva, Sənan Rəşidov və başqaları ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafından qürur duyduqlarını və cənab Prezidentin yürütdüyü siyasəti dəstəklədiklərini bildiriblər.

Sincan kəndində məktəb binasının tikilməsində, Sincan, Tərkeş və Dəymədağlı kəndlərinə işıq və qaz xətlərinin çəkilişinə, ali məktəblərə qəbul olunan tələbələrə göstərdiyi dəstəyə görə seçicilər Aqiyə Naxçıvanlıya minnətdarlıqlarını bildiriblər.

Daha sonra Mollalı kənd sakinləri ilə görüş keçirilib. Səmimi söhbət zamanı seçicilər ölkə başçısının və Birinci vitse-prezidentin Azərbaycan vətəndaşlarına göstərdikləri qayğıdan böyük razılıq ediblər. Seçicilərdən Günel Hacıyeva, Kəmalə Cavadova, İradə Rəsulova və başqaları Aqiyə Naxçıvanlının əvvəlki deputatlığı dövründə kəndin məktəb binasının yenidən inşa olunmasına və zəruri ləvazimatlarla təmin edilməsinə və daim onların problemlərini diqqətdə saxladığına görə minnətdarlıq ediblər. Seçicilər əminliklə bildiriblər ki, fevralın 9-da keçiriləcək seçkilərdə iştirak edərək layiqli namizədə səs verəcəklər.

Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində, həmçinin yəhudi icmasının üzvləri ilə  görüşüb. Çay süfrəsi arxasında keçən görüş zamanı A. Naxçıvanlı qeyd edib ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Müasir dövrdə bu siyasət əzmlə davam etdirilir və beynəlxalq müstəvidə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan multikulturalizmin mərkəzinə çevrilib.

Görüş zamanı icma üzvlərindən Sadıq Natalinov, Aftin Simanduyev, Rafiq Liviyev, Asif Abramov, Teymur Natalinov və  Rəsul Sefenyayev dövlətin onlara yaratdığı imkan və şəraitdən razılıqlarını bildiriblər. Bunun üçün dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qarşılıqlı şəkildə səmimi keçən görüş zamanı ötən günlərdən xoş xatirələr söylənilib.

Cavid Əkbərov, “İki sahil”