20 avqust 2019 21:59
1077

Aqrar sektor 7 ayda: bitkiçilik 9,5 faiz, heyvandarlıq isə 3,1 faiz artıb

2019-cu ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 milyard 453,7 milyon manat təşkil edib ki, onun da 2 milyard 230,4 milyon manatı heyvandarlıq, 2 milyard 223,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında istehsal 6,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 9,5 faiz artıb. 

Diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatındakı artım özünü ixracda da göstərib. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan 345 milyon 342,14 min ABŞ dolları dəyərində 

345 min  167,22 ton meyvə-tərəvəz ixrac edib ki, bu da ötən ilin eyni dövründəki ilə müqayisədə müvafiq olaraq 14,61 faiz  və 7,04 faiz  çoxdur.

Belə ki, bu ilin yeddi ayında Azərbaycan xarici ölkələrə 141 milyon  209,05 min ABŞ dolları dəyərində 132 min 796,78 ton pomidor, 72 milyon 67,02 min dollar dəyərində 13 min 167,44 ton meşə fındığı, 16 milyon  486,45 min dollar dəyərində  39 min 945,16 ton alma, 18 milyon 113,01 min dollar  dəyərində 23 min 832,36 ton xurma  ixracından  edib. Bununla da meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,82 faizini təşkil edib.

Bundan başqa, çay ixracı kəmiyyət ifadəsində 2,21 faiz artaraq 823,52 ton olub. Eyni zamanda, pambıq lifinin dəyər etibarilə ixracı 84 faizə yaxın, kəmiyyət ifadəsində 98,5 faiz artıb. Pambıq lifinin ixracı da dəyər ifadəsində 39,5 faiz, kəmiyyət ifadəsində 43 faiz artıb. Ümumilikdə son iki məhsulun birgə ixracının dəyəri 7 ayda 100 milyon ABŞ dollarını ötüb.

İxracı artan məhsullar arasında şəkər və bitki mənşəli yağlar da var.

Aydın məsələdir ki, məhsula olan yerli tələb ödənildikdən sonra onun ixrac imkanlarına müraciət edilir. Bu baxımdan istehsalın artımı ixracı artırmaqla bərabər, idxalın da azalmasını şərtləndirir. Nəticə etibarilə cari ilin yanvar-iyul aylarında yeyinti məhsullarının idxalının ötən ilin eyni dövrü ilə müqayisədə dəyər etibarilə 11,46 faiz azalaraq ümumi idxala nisbətinin 13,3 faizdən 10,15 faizədək enməsini kənd təsərrüfatı sahəsinin uğurlarından hesab etmək olar. Hərçənd ki, bu məhsullar arasında ayrı-ayrılıqda idxalı artanlara da rast gəlinir ki, bu da müxtəlif sahələrin tələbatının ödənilməsi ilə izah edilir.  

Məsələn, cari ilin 7 ayında ölkəyə 28 min 804,45 ton ət idxal edilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, bunun 25,8 min tonunu quş əti və dondurulmuş mal əti təşkil edib. O bildirib ki, ölkəyə idxal olunan quş ətinin və dondurulmuş mal ətinin istehlak təyinatında böyük xüsusi çəki emal və turizm sənayesinə məxsusdur. Bu sahələrin inkişaf tələbatına uyğun olaraq ölkəyə quş ətinin və dondurulmuş mal ətinin idxalı da davam edəcək. 

Ayrıca rəsmi statistikaya görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ölkədə diri çəkidə ət istehsalı 3 faiz artaraq 289,3 min tona çatıb. Eyni zamanda, süd istehsalı 1,7 faiz artaraq 1219,2 min ton, yumurta istehsalı 6,9 faiz  artaraq 1 milyard 93,4 milyon ədəd və yun istehsalı 1,5 faiz artaraq 14,9 min ton olub. Bundan başqa, ölkədə 643,2 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.

Ölkədə mövcud olan 10 milyondan çox  əhalinin 47 faizinin kəndlərdə yaşadığını nəzərə alsaq, kənd təsərrüfatının inkişafının onların məşğulluğunun təmin edilməsində başlıca rol oynadığını göz önünə gətirə bilərik. Hazırda  məşğul əhalinin 36 faizi birbaşa kənd təsərrüfatı və ya ona bağlı olan sahələrdə daimi və ya müvəqqəti işlərdə çalışır və gələcəkdə bu göstəricinin daha da artacağı gözlənilir. Xüsusilə də ölkə başçısının “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərmanı kənd təsərrüfatı sahəsində riskləri azaltmaqla bu sahəyə marağın daha da artmasına səbəb olacaq.

Ceyhun Piriyev,

“İki sahil”