01 iyul 2020 16:44
1381

 Aqrar sektorun inkişafı prioritetdir

Dünyanı ağuşuna alan COVİD-19 virusuna qarşı mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki  milli həmrəylik və birlik nümayişi, dövlət başçısının “Biz birlikdə güclüyük” çağırışı, bu çətin sınaq günlərində atılan bütün addımlar öz parlaq nəticələrini göstərməkdədir. Məhz dövlətimizin  başçısının uzaqgörən siyasətinin,  düzgün strategiyasının, hadisələri diqqətlə izləməyinin və nəzarətdə saxlamağının nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısında Azərbaycan ölüm hallarının sayına görə son pillələrdədir.

Bu gün ölkəmizdə pandemiyaya qarşı effektiv mübarizə aparmaqla onun yayılmasının qarşısını almaq, koronavirusun doğurduğu mövcud iqtisadi problemləri dəf etmək, postpandemiya dövründə yaranacaq iqtisadi çətinlikləri aradan qaldırmaq və iqtisadi artımı təmin etmək məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bütün bunlar Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan  videokonfransdakı nitqində bir daha vurğulandı. Ölkəmizin başçısı videokonfransda bir daha bildirdi ki, karantin rejimi kənd təsərrüfatı işlərinə mane olmamalıdır, bütün şərait yaradılmalıdır ki, kənd təsərrüfatı sahəsində karantin rejimi bu sahədə görülən işlərə çətinlik yaratmasın, insanların gediş-gəlişi təmin edilsin. Nazirlər Kabinetinin Operativ Qərargahı kənd təsərrüfatı işlərinin canlandırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Hazırda ölkəmizin qeyri-neft sektorunda xüsusi çəkisi olan kənd təsərrüfatının inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu sahədə fəaliyyət bu gün xüsusi karantin rejiminin tələblərinə uyğun qurulur. Bununla yanaşı, tətbiq edilən karantin rejiminin kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq zəruri tədbirlər görülür. Hazırkı dövr kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirlərin  ən intensiv dövrünə təsadüf edir.

Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub. Bundan başqa, taxılbiçini davam etdirilir. Hazırda zəmilərdə yüzlərlə taxılbiçən kombayn işləyir. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadir. Ümumilikdə, ölkədə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur. Bu ilin yanvarından fermerlərə subsidiyalar yeni mexanizmə uyğun verilməyə başlanıb. Subsidiyaların ödənilməsi yalnız elektron kənd təsərrüfatı sistemi üzərindən həyata keçirilir.

Ekspertlər qeyd edirlər ki, cari ildə koronavirus pandemiyasının təsiri ilə iqtisadiyyatın bəzi sahələrində zəifləmə olacağı gözlənilsə də kənd təsərrüfatı sahəsində azalma olmayacaq. Bu ilin birinci rübündə ümumi kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illə müqayisədə 3,7 faiz artıb. Xüsusən də bu ilin ilk 3 ayında kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. O cümlədən tərəvəz ixracı 55 faiz, pambıq mahlıcı ixracı 14,5 faiz artıb. Tədbirlər Planı çərçivəsində görüləcək işlərdə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, ölkənin ərzaq təhlükəsiliyinin güclənməsinə xidmət edəcək.

Təqdirəlayiq haldır ki, postpandemiya dövründə kənd təsərrüfatı sahəsində çalışan fermer və kənd əhalisinə müəyyən qədər dəstəyin verilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən layihə hazırlanır. koronavirus böhranının kənd təsərrüfatına mənfi təsirinin minimallaşdırılması üçün  tədbirlər görülür.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələləri tənzimləmək üçün “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat” təsdiqlənib. Bu Təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir. Yəni, kənd təsərrütında məhsul istehsalının davamlılığını təmin etmək üçün iş görülür.

Göründüyü kimi, koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısını alınması üçün görülən bütün tədbirlərin, eləcə də postpandemiya dövründə yaranacaq iqtisadi çətinlikləri aradan qaldırmaq, iqtisadi artımı, əhalinin rifanını və ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən genişmiqyaslı təsirli tədbirlər nəticəsində ölkəmiz qlobal pandemiya sınağından layiqincə çıxacaq,  yeni tarixi şəraitdə yeni nailiyyətlər əldə edəcəkdir.

Zahid Rza,

“İki sahil”