KÖŞƏ

Zahid Rza

Aqrar sektorun inkişafına çoxşaxəli dövlət qayğısı

28 avqust 2020 16:41
2755

Son illər Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr və davamlı islahatlar kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verib. Qeyri-neft sektorunun əsas istiqamətlərindən olan, ölkəmizin milli iqtisadi təhlükəsizlik platformasının sütunlarını özündə birləşdirən aqrar sahədə köklü dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb. Bu sahədə normativ-hüquqi baza getdikcə təkmilləşdirilir, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etmək üçün ciddi addımlar atılır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, logistik mərkəzlərin yaradılması, sahibkarlığın inkişafı, bölgələrdə infrastruktur layihələrinin həyata keçirilməsi regionlarda yeni iş yerlərinin yaradılmasına, işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verib.

Aqrar sektorun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması özünü iqtisadi göstəricilərin yüksəlməsində, fermerlərin gəlirlərinin artmasında, aqrar fəaliyyətin insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilməsində göstərir. Kənd təsərrüfatına dövlət dəstəyinin genişləndirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri aqrar subsidiyaların verilməsi mexanizminin təkmilləşməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmana əsasən, kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılmasının yeni qaydaları müəyyənləşib. Ölkə başçısı “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərman imzalayıb. Dövlətimizin başçısı qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafının prioritet olmasını daim vurğulayır, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən çayçılığın, sitrus bitkilərinin və çəltikçiliyin inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti dövlət qurumları qarşısında ciddi vəzəfələr qoyur.

Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Aqrar sektorun ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Son illər dövlətimizin başçısının ardıcıl dəstəyi sayəsində respublikamızda pambıqçılıq öz keçmiş şöhrətini bərpa edə bilib. Kənd təsərrüfatı məhsulları ixrac edən ölkə olan Azərbaycandan 2019-cu ildə pambıq lifi ixracı 122.4 milyon dollar olub. Həmin ildə pambıq ipliyi ixracı isə 30.2 milyon dollar təşkil edib. 2020-ci ilin yanvar-iyul ayları ərzində 70.6 milyon dollar həcmində pambıq lifi ixrac edilib. Cari ilin yanvar-iyul ayları ərzində pambıq ipliyi ixracından 10.6 milyon dollar gəlir əldə olunub.

Hazırda ölkəmizdə müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur, əkin sahələrində müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılması uğurla davam etdirilir. Bu məqsədlə fermerlərə güzəştlər təklif olunur. Hal-hazırda müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılması məqsədilə suvarma sistemlərinin fermerlərə satış qiymətinə dövlət tərəfindən 40 faiz güzəşt tətbiq edilir.  Ümumilikdə 2019-cu ildə və 2020-ci ilin ötən dövründə müasir suvarma sistemlərinin alınması üçün fermerlərə dövlət tərəfindən 30 milyon manata yaxın vəsait ödənilib.