09 yanvar 2020 20:53
256

Aqroparklar: kənd təsərrüfatının inkişafında yeni və müasir mərhələ

Onlar həm məhsul bolluğu yaradır, həm də ekoloji təmiz ərzaq məhsullarının istehsalını reallaşdırır

İqtisadi inkişaf baxımından 2020-ci  ilin 2019-cu illə müqayisədə daha uğurlu olacağı gözlənilir. Təbii ki, bu,  yalnız yerli iqtisadçıların və Azərbaycan hökumətinin fikri deyil, eyni zamanda, nüfuzlu beynəlxalq maliyyə qurumlarının da araşdırmalarının nəticəsidir. Belə ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı 2019- 2020- ci illərdə bölgədəki digər ölkələrdən fərqli olaraq Azərbaycanda mütləq iqtisadi artımın olacağını proqnozlaşdırıblar.

Bəzi hallarda ekspertlər 2020-ci ildə ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə bağlı proqnozlarını neftin dünya bazarlarındakı qiymətinin artacağı ilə əlaqələndiriblər. Lakin Azərbaycan iqtisadiyyatının indiki inkişafameyilli istiqamətlərini təhlil edəndə aydın olur ki, hətta yaxın gələcəkdə neftin qiymətinin aşağı düşəcəyi halda belə, Azərbaycan iqtisadi inkişafını davam etdirə bilər. Ona görə ki, ölkəmiz ötən 10 ildə dünyanı bürüyən qlobal iqtisadi böhrandan ən səmərəli şəkildə çıxmağı bacarıb. İlk növbədə postneft dönəmi üçün çox ciddi iqtisadi potensial yaratmağa nail olub. Məhz Prezident İlham Əliyevin 2015-2019-cu illər ərzində kənd təsərrüfatı və sənayeləşmə istiqamətində apardığı iqtisadi islahatları beynəlxalq ekspertlər “inqilabi islahatlar” adlandırıblar.

Xüsusilə kənd təsərrüfatında aparılan islahatlar və fermerlər üçün yaradılan ən yüksək şərait öz bəhrəsini verməkdədir. Belə ki, son iki ildə ölkəmizin ixracatında kənd təsərrüfatı məhsullarının həcmi xeyli genişlənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə  kənd təsərrüfatı məhsullarının ixrac potensialı 42 faizədək yüksəlib. Bu da faktdır ki, ötən il kənd təsərrüfatında ümumi məhsulun dəyəri faktiki qiymətlərlə 6 milyard 400 milyon manat təşkil edib.

Ümümiyyətlə, Azərbaycan kənd təsərrüfatında daha modern bir kurs üzrə inkişafı hədəfləyib. Bu, məhz dövlətin maliyyə dəstəyi ilə yaradılması nəzərdə tutulan 38 böyük aqroparkdır. Aqropark biznes modeli olaraq ilk dəfə dünyanın ən qabaqcıl kənd təsərrüfatı ölkəsi olan və bu sahədən ən yüksək səviyyədə gəlir götürən Hollandiyada yaradılıb ki, bu da kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri özündə birləşdirən təsərrüfat subyektidir. Aqroparklarda kənd təsərrüfatı məhsullarının istehsalı və emal prosesləri, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq, satış (daxili bazar və ixrac) və digər xidmətlər, xammal istehsalı, emal prosesləri yüksək gəlirlilik şəraitində həyata keçirilir. Bununla yanaşı, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə də bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı üçün möhkəm əsaslar yaranır.

Burada bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, aqroparklar yalnız məhsul bolluğu yaratmağa xidmət etmir, eyni zamanda, təbii üsullarla yetişdirilən, ekoloji cəhətdən təmiz və  yüksək keyfiyyətli, insan sağlamlığı üçün zərərsiz olan ərzaq məhsullarının istehsalını da reallaşdırır. Məhz bu amil həm ölkə vətəndaşlarının sağlam qidalanmasına, həm də ixrac məhsullarımızın daha çox alıcı tapmasına hesablanıb. Aqroparkların yaradılması həm də aqrar sektordakı fərdi fəaliyyətdən iri istehsal sahələrinə keçməyə imkan verir.

Təbii ki, hazırda kənd təsərrüfatı məhsullarının istehsalında yüksək texnika və texnologiyalardan istifadə edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması zərurətdir. Ona görə ki, müasir əkin texnologiyalarından istifadə edən iri fermer təsərrüfatlarında məhsuldarlıq daha yüksək olur. Hazırda ölkəmizin 20 rayonunda 22 sahibkara məxsus 44 min hektaradək sahəsi olan 32 iri fermer təsərrüfatı fəaliyyət göstərir. Bununla yanaşı, yeni aqroparkların yaradılmasına da start verilib. 2019-cu ildə Yalama aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb və payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlığa - hər hektardan 156 sentner yüksək keyfiyyətli məhsul istehsalına nail olunub. Şəmkir Aqroparkında isə birinci mərhələ üzrə işlər tamamlanıb. Ümumilikdə 22 rayonda 130 min hektaradək ərazidə 27 aqroparkın yaradılması planlaşdırılıb.

Bununla belə, dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də kiçik və orta fermer təsərrüfatları say və malik olduqları torpaq sahələrinə görə hələ də üstündürlər. Elə buna görə də Azərbaycan dövləti belə təsərrüfatlara hər cür dəstək verir. Güzəştli kreditlərin çox hissəsinin aqrar sektorda çalışan kiçik və orta sahibkarlara ayrılması da bu dəstəyin nəticəsidir.

Bundan sonra da yeni aqroparkların yaradılması əsasən bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının minimum faizə endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.

Elçin Zaman, “İki sahil”