12 avqust 2019 16:35
262

AQTA-nın nümayəndəsi: Heyvanlara ilkin klinik baxış keçirilib, heç bir problem yoxdur

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sosial dəstək mahiyyəti daşıyan “Kənddən şəhərə” yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.

Bakı şəhəri üzrə bayram yarmarkalarının biri də Xətai rayonu ərazisində, Zığ yolu - 5 ünvanında (“Nargilə” kafesinin yaxınlığı) təşkil olunub. Yarmarkada ət kəsiminə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri nəzarət edirlər. AQTA-nın Qida Təhlükəsizliyi İnstitutunun 30 saylı qida təhlükəsizliyi məntəqəsi də burada fəaliyyət göstərir.

Heyvanların kəsiminə bilavasitə nəzarət edən həkim Mədət Qocayev bildirib ki, xırda buynuzlu heyvanların kəsimi artıq dünəndən başlayıb. Dünən bu məntəqədə 44 baş heyvan kəsilib və 340 baş diri heyvan satılıb. Bu gün saat 9-a qədər isə 82 baş heyvan kəsilib, 60 baş diri heyvan satışı həyata keçirilib. Heyvanlara ilkin klinik baxış keçirilib. Heç bir problemləri yoxdur. Kəsimdən sonra da heyvanlar müayinə edilərək daxili orqanları yoxlanılır.

Xatırladaq ki, bayram günlərində təşkil edilən qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli istiqaməti əhatə edir. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil olunub. “Kənddən şəhərə” satış yarmarkasına 20 minə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat müəyyənləşdirilib.

AQTA tərəfindən bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərir.