02 dekabr 2020 15:46
556

“Arabnews” qəzeti Laçın rayonunun işğaldan azad edilməsindən yazır

Ərəb dünyasının ingiliscə nəşr olunan nüfuzlu “Arabnews” qəzetində Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olmasından və bu ərazidə bayrağımızın dalğalanmasından bəhs edən məqalə dərc olunub.

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanata əsasən Qarabağın işğal altında olan sonuncu ərazisi – Laçın rayonunun Azərbaycana təhvil verildiyi qeyd olunub. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Laçını, həmçinin Ağdam və Kəlbəcəri tərk etməsi 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı Qələbə ilə əlaqədardır. Diqqətə çatdırılıb ki, Rusiya sülhməramlı qüvvələri müəyyən müddət ərzində Laçın dəhlizində keçidin təhlükəsizliyini təmin edəcək.

Məqalədə separatçı ermənilərin işğal edilmiş Qarabağ ərazisini, xüsusən əsas şəhər olan Şuşanı tərk etməsindən, Kəlbəcər və Laçında qanunsuz məskunlaşan ermənilərin evləri və meşələri yandırmasından bəhs olunur. İşğal illərində Laçında məskunlaşmış 48 yaşlı Levon Gevorqyan adlı erməninin AFP informasiya agentliyinin müxbirinə söylədikləri buna misaldır: “Mən 22 ildir ki, burada yaşayıram, ev tikmişəm. Əgər evimi tərk etsəm, onu yandıracağam”.