08 iyul 2020 17:09
1394

Arif Fərzəliyev: Prezident İlham Əliyevin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var

“BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki Prezident İlham Əliyevin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev “İki sahil” qəzetinə açıqlamasında bildirib.

A.Fərzəliyev bildirib ki, dünyada pandemiyanın tüğyan etdiyi bir zamanda dövlət başçısı İlham Əliyevin təşəbbüsü çox faydalıdır: “Çünki Azərbaycanın bu təşəbbüsünün nəticəsində bir sıra ölkələr fəal şəkildə əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk olaraq Türk Şurasının onlayn formatda Zirvə görüşü keçirildi. Pandemiyaya qarşı mübarizədə bu görüş çox faydalı bir platforma kimi yadda qaldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn formatda Zirvə görüşünün keçirilməsi də pandemiyaya qarşı birgə əməkdaşlığa böyük töhfə oldu. Qoşulmama Hərəkatının üzvü olan elə ölkələr var ki, öz aralarında münasibətləri elə də yaxşı deyil. Amma Zirvə görüşündə bir yerdə oldular və birgə müzakirə apardılar. Yəni, onları “COVID-19” pandemiyasına qarşı mübarizə birləşdirir. Bu, o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəni regional səviyyədən beynəlxalq səviyyəyə, sonra da ümumbəşəri səviyyəyə qaldırıb.”

YAP Cəbrayıl rayon təşkilatının sədri söyləyib ki, belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ölkələri öz aralarında rəqabəti kənara qoyaraq əməkdaşlıq etməyə sövq edib: “Yəni, bir-biri ilə rəqabətdə, ziddiyyətdə olan ölkələr Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə birləşiblər. Bu təşəbbüsün beynəlxalq birlik tərəfindən qəbul olunması cənab Prezident İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir. Beləliklə, Azərbaycan birləşdirici siyasət həyata keçirir və bu təşəbbüs dünya miqyasında yüksək dəyərləndirilir.”

A.Fərzəliyev qeyd edib ki, Azərbaycan həmişə xoşməramlıdır, heç vaxt ədalətsiz addımlar atmır: “Bunun əksini iddia edənlər isə ölkəmizə qarşı qərəzli münasibətdə olanlardır.  Ona görə də bu hadisənin Azərbaycan üçün böyük əhəmiyyəti var. Cənab Prezident İlham Əliyevin məlum təşəbbüsü dünyada ölkəmizin nüfuzunu yüksəldir, bu təşəbbüs, həmçinin Azərbaycanın dünya ölkələri ilə əlaqələrini genişləndirir. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində üstünlüyümüzü artırır. Bu təşəbbüs həm də Azərbaycanı daha yaxşı tanımaq üçün gözəl fürsətdir. Bütövlükdə isə, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsünün dünya səviyyəsində qəbul olunması, BMT-nin özünün məsələsi kimi gündəmə gəlməsi böyük hadisədir.”

A.Fərzəliyev xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi  diplomatiya çoxşaxəlidir: “Ona görə də, biz sabah yeni təşəbbüslərin də şahidi ola bilərik. Hazırki təşəbbüs Azərbaycanın olsa da onun həyata keçirilməsi dünyanın işidir. Bütün dünyada qeyd edilir  ki, pandemiyaya qarşı mübarizədə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü Azərbaycana və onun Prezidenti cənab İlham Əliyevə məxsusdur. İşğalçı Ermənistan çalışdı ki, Azərbaycanın bu xoşməramlı təşəbbüsünün reallaşmasına əngəl törətsin. Bununla da özü-özünü ifşa etdi. Eyni zamanda, xoşməramlı, mühüm bir humanitar  təşəbbüsə etiraz etməklə  Ermənistan özü- özünü inkar etdi. Bunun da məntiqi əsası var. Çünki  Ermənistan heç vaxt sülhsevər dövlət olmayıb, onun dövlətçilik ənənəsi yoxdur. Ermənistan monoetnik ölkədir. O, beynəlxalq münasibətlər ssistemində özünü pandemiya ilə ümumbəşəri mübarizədən təcrid etdi. Hazırda koronavirus pandemiyasının davam etməsi BMT-nin Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində dövlət və hökümət başçılarının təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən bu bəladan çıxış yollarının birgə müzakirə edilməsinə və həll yollarının tapılmasına, həqiqətən də, böyük ehtiyac var. Heç şübhəsiz ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimayyətin tam səfərbər edilməsinə şərait yaradacaq, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə müsbət töhfə verəcək. Bu məsələdə dünya ölkələrinin sıx əməkdaşlıq etməsi qaçılmaz reallıqdır.”

Cavid Əkbərov, “İki sahil”