16 may 2020 14:47
695

Arif Hacı “Milli Şura”nı rasizm təbliğatı aparmaqda ittiham etdi

“Milli Şura” Koordinasiya Mərkəzindəki müzakirələr bu qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq etdi”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı “Facebook” sosial şəbəkəsində yazıb.

Partiya rəhbəri qeyd edib ki, Müsavat Partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş ən iyrənc kampaniyanın da mənbələrindən birinin “Milli Şura”, ən azı “Milli Şura”nın bəzi rəhbər şəxsləri olduğu üzə çıxdı: “Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür.

Gizli yayım olsaydı belə demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da  şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz. “Milli Şura” rəhbərliyinin davranışlarına görə təhqir etdikləri bəzi tərəflərdən üzr istəmələrinə müsbət yanaşıram. İnanmaq istəyirəm ki, onların, xüsusilə “Milli Şura” sədrinin Müsavat Partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq”.