18 noyabr 2019 20:13
1108

Arif Hacılı ilə Əli Kərimlinin “mühacir bazarı” bağlandı

“Mühacir biznesi”nin mahir alverçisi AXCP sədri Əli Kərimlinin təcrübəsindən yararlanan Müsavat Partiyasının sədri Arif Hacılının “səriştəsi” heç də həmkarından az deyilmiş.

Müsavatın bu günlərdə keçirilən qurultayında yenidən başqan seçilən, “çiçəyi burnunda” sədr Arif Hacılının kələkləri ortaya çıxdı. Müsavatın  Avropa Koordinasiya Mərkəzinin (AKM) fırıldaqları başqanın özünə qənim oldu. Avropaya səfəri çərçivəsində özünün təşkil etdiyi “miqrant bazarı”nın “maliyyə hesabatları” ilə “maraqlanaraq” qurumun büdcəsinə “əl gəzdirən” başqan Arif Hacılı hətta “fəallara” diplomlar təqdim etməkdən də çəkinməyib.

Nəticə isə göz qabağındadır. Almaniya federal polisinin bu ölkənin Niderzaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Brandenburq, Reynland-Pfalts əyalətlərində apardığı yoxlamalar zamanı Müsavat Partiyasının yaratdığı AKM-in “qara bazar” fırıldaqları aşkarlandı. 1000-3000 avro müqabilində  cinayətkarları “siyasi mühacir” adlandıraraq vəsiqə verən qurumun üzvləri bilavasitə Arif Hacılının rəhbərliyi əsasında fəaliyyət göstəriblər. Nəticədə  qeyri-qanuni yollarla “mühacir” olanlar ailəliklə Almaniyadan deportasiya edildilər. “Mühacir biznesi”ni Hollandiyada sülənən Fikrət Hüseynlinin əli ilə quran Əli Kərimli kimi Arif Hacılı da əməlləri üçün Azərbaycanın ali qanunları qarşısında cavab verəcəklər. Çünki şəxsi maraqları naminə Azərbaycanın beynəlxalq imicinə, nüfuzuna xələl gətirən əməllərlə məşğul olanlar Vətənə xəyanətlərinin cəzasını çəkməlidirlər.

Maraqlı burasıdır ki, AKM-in vəsiqə verdiyi “mühacirlər” arasında heç Müsavatın üzvü olmayanlar da vardır. Belə çıxır ki, məzənnəni ödəyən hər kəs Arif Hacılının “gözbağlayıcı” çubuğu ilə “müsavatçı”, “siyasi məhbus” hüququ qazana bilər. Təki əlin cibində olsun. Hələ tam başa çatmayan araşdırmalar nəticəsində bəlli olub ki, 5 ildə 197 nəfəri “ siyasi məhbus” kimi “şərəfləndirən” Arif Hacılının “qara bazarı”nın “qaranlıq statistikası” da mövcuddur.  Bu fakta sosial şəbəkədəki açıqlaması ilə aydınlıq gətirən avropalı mühacir, keçmiş müsavatçı Yafəz Əkrəmoğlu bildirir ki, Avropanın bir neçə ölkəsində müsavatçı olmasa da,  şəxsən Arif Hacılının imzası, möhürü ilə təsdiqlənmiş vəsiqə sahibləri var.

 Müsavatın bu günlərdə keçirilən qurultayında başqanlığa namizədliyini irəli sürən Yadigar Sadıqlı Arif Hacılının “ Mənim AKM-yə, onun sədri İlham Həsənə etimadım sonsuzdur” sözlərini sitat gətirərək başqanın “mühacir problemi”nə isti münasibətini göstərir. Belə olan halda Müsavatın başqanı kimi partiyanın aparat rəhbəri Gülağa Aslanlının da deməyə sözü olmamalıdır. Çünki AKM-in avro, dollar müqabilində həyata keçirdikləri çirkli əməliyyatlardan qazanılan vəsaitlər onların  ağızlarına “xəcalət möhürü” vurub.

 Ötən ay “mitinq” deyə bağıran Əli Kərimli, Arif Hacılı cinayətlərini pərdələmək üçün çabalasalar da xəyanətlərini inkar edə bilməzlər. Elə buna görədir ki, artıq Müsavatda, AXCP-də istefalar artıb. Müsavatda növbədənkənar qurultay keçirilməsi tələbi irəli sürülüb. Yalanın ayaq-tutub yerimədiyi AXCP-də, Müsavatda, “Milli Şura”da çaxnaşmalar davam edir. Sıravi müsvatçılar bildirirlər ki, partiyada yaranan bu vəziyyətdə sabiq başqan İsa Qəmbərin də günahı az deyil.

“Utanmasan oynamağa nə var ki” məsəlinə uyğun hərəkətləri ilə hələ də özlərini təmizə çıxarmaq üçün hər cür yalanlara əl atan Əli Kərimli, Arif Hacılı köhnə adətlərini təkrarlayırlar. İqtidarda olduqları dövrdə də yalnız şəxsi mənafelərini düşünən bu xəyanətkarların yeganə istəkləri Azərbaycanın nüfuzuna xələl gətirmək, formalaşdırdıqları satqınların əli ilə antiAzərbaycan kampaniyasını genişləndirməkdir. Amma necə deyərlər çanaq öz başlarında çatladı. Azərbaycan xalqının nifrətini qazananlar Əli Kərimli, Arif Hacılı və onların tör-töküntüləri oldu. 

İqtidarda olduqları zaman Azərbaycanı uçuruma aparan, Xalq Cəbhəsində toplaşan bu mənfurlar, xalqımızın çoxəsrlik ənənələrini məhv edənlər dövləti xəyanətlərini yenidən təkrarlayırlar.

Prezident İlham Əliyevin vurğuladığı kimi savadsız müdafiə nazirindən, xırda alverlə məşğul olan baş nazirdən, 11 il kiçik elmi işçi olsa da, namizədlik dissertasiyasını da müdafiə edə bilməyən parlament sədrindən, komsomol fəalı, karyerist və qorxaq adam kimi tanınan dövlət katibindən, ana dilində belə sərbəst danışa bilməyən xarici işlər nazirindən ibarət formalaşan iqtidarda məsul vəzifə mənimsəyən Arif Hacılı və Əli Kərimlidən ancaq belə naxələfliklər gözləmək olar. Bu hadisələr göstərir ki,  Əli Kərimli ilə Arif Hacılının xalqa xəyanətə köklənmiş xəyanətləri dəyişilməzdir. Gəncə hadisələri zamanı aeroportu, şəxsi evləri bombalamaq əmri verən, insanların ölümünə səbəb olan bu vicdansızlar qan üzərində hakimiyyətə gəldiklərini özləri etiraf edirlər. Belə ki, gözlərini qan örtən, pula həris  Əli Kərimlinin, Arif Hacılının Vətəninə olan xəyanəti, insanlara nifrəti onların dəyişilməz, satqınlıq psixologiyalarının ana xəttidir. Yaponların el məsəlində deyildiyi kimi, düyünün içərisində olan, qorxulu ağ daş kimi gözdən yayınmağa çalışan Əli Kərimliyə, Arif Hacılıya bu məsəl də çox yaraşır: Adamı arxadan vuran “həmişə sənin yanındayam” deyəndir. Belə ki, hesabda olanı deyil, nəsibdə olanı xəyanətləri üzündən yaşamağa məcbur qalan Əli Kərimli ilə Arif Hacılının ali qanunlarımız qarşısında cavab vermələrinin vaxtıdır.

Xuraman İsmayılqızı, “İki sahil”