13 fevral 2019 12:15
110

Arizona Senatında Azərbaycanla bağlı təqdimat keçirilib

ABŞ-ın Arizona Ştat Senatının plenar iclasında Azərbaycanla bağlı təqdimat keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.

Baş konsulluqdan verilən məlumata görə, iclasda çıxış edən senator Ceyven Mesnard senatorlara Azərbaycan haqqında məlumat verib. O, Azərbaycana səfəri zamanı ölkəmizdə şahidi olduğu iqtisadi inkişaf, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrinin, müxtəlif dini və etnik mənşəli insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasının onda xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Daha sonra C.Mesnard Azərbaycanın Los-Ancelesdəki baş konsulu N.Ağayevi senatorlara təqdim edib.

Arizona ştatına işçi səfəri çərçivəsində N.Ağayev, həmçinin Senatın sədri Karen Fan, Nümayəndələr Palatasının spikeri Rassel Bouers və bir sıra digər üzvlərlə görüşlər keçirib. Görüşlərdə baş konsul Azərbaycanın müstəqillik tarixi, yerləşdiyi mürəkkəb coğrafi məkan, iqtisadi inkişafı, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında ətraflı məlumat verib. Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışan baş konsul qanunvericiləri münaqişənin nizamlanması prosesinin hazırkı durumu barədə məlumatlandırıb.

Qeyd edək ki, 2013-cü ildən bəri Arizona Ştat Senatı və Nümayəndələr Palatası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və Xocalı soyqırımını pisləyən, ölkəmizin strateji önəmini və multikulturalizm ənənələrini təqdir edən bir çox qətnamə və bəyannamələr qəbul edilib.

Arizonaya səfəri müddətində baş konsul N.Ağayev ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) dəvəti ilə təşkilatın illik toplantısına qatılaraq Arizonadan olan ABŞ senatorları və konqresmenləri ilə də görüşüb.