19 fevral 2020 20:53
1465

Artan iqtisadi gücümüz xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır

“Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bəzi müavinətlər 50 faiz, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, həmçinin şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Bütün bunlar böyük vəsait tələb edən məsələlərdir.  Ancaq biz bunu edirik. Cənab İlham Əliyev bunu belə əsaslandırır:  “İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var. Əgər istəyimiz olsaydı, imkanımız olmasaydı, bunu necə etmək olardı? Bax, iqtisadi gücümüzü toplayaraq bugünkü reallığı təmin etdik ki, biz bunu edə bilirik. Deyə bilərəm ki, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur... Biz bunu ona görə edirik və hesab edirik ki, bu, düzgündür. Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır.”

Dövlətimizin başçısı İlham Əliyev  rayonlara yeni təyin olunan  İcra Hakimiyyəti başçılarını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Anar Quliyevi, həmçinin bu günlərdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən  uğurlu nəticələrə, eyni zamanda, hədəflərə diqqət yönəldərək bildirmişdir ki,  şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam.

“Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, əlbəttə, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir. Son illərdə Bakıda görülmüş işlər kompleks xarakterlidir. Hazırda bütün nəqliyyat növləri arasında koordinasiya işləri  aparılır. “Əsas məsələ tıxacların azaldılmasıdır” söyləyən cənab İlham Əliyev bildirir ki, bunun üçün təkcə yeni yolların çəkilişi,  qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik: “Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır.”

Göründüyü kimi, insanların rahat yaşayışının təminatı öz aktuallığını qoruyur. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin  göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu  mövqeni düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünyaya səs salan yeni iqtisadi və sosial  layihələrin icra edilməsi nəticəsində qazanıb. Dövlətimizin başçısı bildirir: “Hazırda Azərbaycan donor ölkəsinə çevrilir və bu, yeni dövrdür. Biz buna hazırıq. Yəni bu dövrü biz başlayırıq və bu, bizim təşəbbüsümüzdür. Bu təşəbbüs bizə həm iqtisadi, həm siyasi dividendlər gətirir və gələcəkdə daha da çox gətirəcəkdir”.

Beynəlxalq əməkdaşlığa xidmət edən,  Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Dəmir yolunun tikintisi bölgədə tamamilə yeni stiuasiya  yaratdı. Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşması Azərbaycana Avrasiya məkanında yalnız iqtisadi deyil,  siyasi dividendlər də gətirdi, həm iştirakçı, həm də dünya dövlətlərinin sosial-iqtisadi inkişafına  stimul verir.

Bir sözlə, iqtisadiyyatın inkişafında üç mühüm sahənin inkişafı əsasdır: enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi. Bugünkü iqtisadi inkişafın təməlində  ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası və hazırda onun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi dayanır. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividendlər qazandırdı, böyük investisiyalar məkanına çevirdi, sabitlik diyarı kimi mövqeyini möhkəmləndirdi. Son 16 ildə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiyanın yatırılması “Əsrin müqaviləsi”nin uğurlu nəticələrindəndir. “Əsrin müqaviləsi”ndən sonra onlarla neft və qaz müqaviləsinin, Anlaşma Memorandumunun imzalanması ölkəmizə olan inamın  göstəricisidir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri karbohidrogen ehtiyatlarının xarici bazarlara daha təhlükəsiz, az məsrəflə və ən qısa müddətdə çatdırılması imkanını yaratdı. İqtisadiyyatın hərtərəfli inkişafında daşıma, çatdırma və təchizat kimi məsələlərin həlledici rolunu nəzərə alsaq,  nəqliyyatın dünya standartları səviyyəsində olması daim prioritetliyini qoruyub. Təbii ki, buna geniş imkan yaradan əsas amillərdən biri də 2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan davamlı addımlar və onların uğurlu nəticələridir. Neft gəlirlərinin  istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində  yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində  mühüm tədbirlər həyata keçirilir, Prezident Fərman və sərəncamları imzalanır.  İmzalanan sənədlərə uyğun olaraq  çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə  müasir standartlara  uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına,  qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin  təminatına  xidmət edib və bundan sonra da edəcək. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” tezisini irəli sürərək, son 16 ildə bu istiqamətdə əhəmiyyətli uğurların əldə olunmasına, ən əsası günümüzün əsas tələbi olan güclü sahibkarlar sinfinin formalaşmasına nail olunub.

Yeganə Əliyeva, “İki sahil”