17 yanvar 2021 14:35
706

Arvadını yastıqla boğub öldürən şəxslə bağlı cinayət işi başlanıb

Yanvarın 17-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisindəki otellərin birində 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızının meyitinin aşkarlanması barədə şəhər prokurorluğuna məlumat verilib.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumatda bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış̧ keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış̧ münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC