15 iyul 2020 15:00
903

Asim Mollazadə : Müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır

“Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətmiş, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və mülki obyektləri atəşə tutmuşlar. Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri bu təxribatın qarşısını qətiyyətlə almış, cavab atəşi ilə düşmənin dayaq məntəqələri, atəş nöqtələri, müdafiəsinin dərinliyindəki ehtiyatlar, çox sayda döyüş texnikası və canlı qüvvəsi məhv edilmişdir”. Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, belə bir gərgin dönəmdə Azərbaycan xalqı  dövlətinə, Ordusuna və Ali Baş Komandanına, Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirilmişdir: “Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərmiş və zor tətbiq etmiş, nəticədə bir neçə polis əməkdaşına xəsarətlər yetirilmiş, xidməti avtomobillərə ciddi ziyan vurulmuşdur. Yürüşün keçirildiyi ərazidə və Şəhidlər xiyabanı, Milli Məclis ərazisində vətəndaşlar toplaşmışdı. Həmin yürüş edən vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibatı binasına daxil olublar və bir sıra dağıntılar törədiblər. Bu, binaya qanunsuz daxilolma cəhdidir. Cəbhə xəttində  hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək qanunsuz fəaliyyət nümayiş etdirməsi vətəndaşlıq mövqeyinə və  qanunlara ziddir. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş zəruri  operativ tədbirlər nəticəsində ictimai asayiş bərpa edilmişdir. Ölkə gündəminin gərgin və məşğul olduğu belə kritik zamanda diqqəti məsələnin  əsas mahiyyətindən yayındırmayaq. Qarabağ uğrunda döyüş üçün Milli Məclisi, Şəhidlər xiyabanını, paytaxtın digər küçələrini hədəf almaq  çözüm yolu deyil. Bu sadəcə cılız təxribat şousudur. Döyüş üçün, əsl vətənpərvərlik nümayişi üçün səngər var , cəbhə var. Və lazım  gələndə hər bir Azərbaycan  övladı öz vətəni üçün mübarizə aparmağa hazırdır və qadirdir” 

Həmsöhbətimizin sözlərinə görə, COVID-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaradacaq: ”İyulun 14-15-də keçirilən  məlum aksiyada distansiyanın gözlənməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar oldu.  Müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşıyacağıq. Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən çəkinməlidir. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini  vermiş olacaqlar. Eyni zamanda, hazırda COVID-19 pandemiyası ilə mübarizənin getdiyi bir vaxtda şəhər və rayonlarda kütləvi toplantıların keçirilməsinin ağır nəticələrə səbəb ola biləcəyini xatırladaraq, vətəndaşları təmkinli olmağa, şəhidlərimizin əziz xatirəsini mövcud karantin qaydalarının tələblərini nəzərə alaraq yad etməyə çağırıram.”

Millət vəkili vurğuladı ki, güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir. Xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik və həmrəylik, milli iradə, vətəndaş məsuliyyəti nümayiş etdirmək zəruridir. Cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər edək.

 

Yaqut Ağaşahqızı, “İki sahil”