03 may 2019 10:38
1064

“Atatürk yenidən Bakıda...”: Ermənilər niyə əl-ayağa düşüb?

Azərbaycan ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-də “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Mayın 3-dək davam edəcək təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.

Azərbaycan və Türkiyə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələrinin cəlb edildiyi birgə təlim başlar-başlamaz Ermənistan cəmiyyəti də yenidən çaxnaşmaya düşüb.

Belə ki, işğalçı ölkənin “lragir” saytında “Atatürk yenidən Bakıda...” sərlövhəli yazıda Ermənistan ictimaiyyətinin həmin təlimlə bağlı təşvişi aydınca hiss olunur. Sözügedən internet portalının siyasi icmalçısı Naira Ayrumyanın yazıya qoyduğu  başlıq da təbii ki, təsadüfi seçilməyib. Bununla da Azərbaycan-Türkiyə hərbi-strateji əməkdaşlığı barəsində həmişə qorxu ilə söz açan təcavüzkar ölkənin analitikləri bu dəfə də narahatlıqlarını və təlaşlarını dilə gətirməkdən özlərini saxlaya bilməyiblər: “Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı Ermənistan üçün yenilik deyil: Vaxtaşırı türk hərbi təlimçiləri Azərbaycan hərbçilərini  öyrədir, Türkiyə Azərbaycan üçün silah tədarük edir, amma ən əsası həmişə Bakının diplomatiyasına dəstək verir...”

Müəllif  iki ölkənin birgə təliminin regiona və dünyaya güc göstərisi olduğunu iddia edərək bir tərəfdən Azərbaycan-Türkiyə sarsılmaz ittifaqına olan qısqanclığını gizlədə bilməyib, digər tərəfdən isə mümkün müharibə ehtimalında Bakının çox güclü strateji bir müttəfiqlə birgə işğalçı Ermənistan ordusunu darmadağın edəcəyindən duyduğu qorxunu ifadə edib.

N.Ayrumyan paranoyak düşüncələrinin müşayiəti ilə iki ölkənin birgə təliminin Atatürkün şərəfinə adlandırılmasının da təsadüfi olmadığını iddia edərək buna öz cəfəng fikirləri ilə şərh verib.

Yazı müəllifi sözügedən birgə təlimi əsas gətirərək Rusiyaya xitabən  “Azərbaycanla münasibətləri getdikcə yaxınlaşdırmaq istiqamətində yavaşlamağı” da “məsləhət” görməyi unutmayıb: “Rusiya Ermənistana arxa çevirərək Bakı ilə nəzərdə tutduğu müttəfiqliyi istiqamətində “sürətini” yavaşlatmalıdır.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı hərbi bazasını çoxfunksiyalı qırıcılarla təchiz etmək niyyəti, eləcə də bu cür qırıcıların Ermənistana satışının nəzərdə tutulması Bakıda qeyri-dostluq addımı kimi qəbul edilib. Rusiya ona görə də indi Azərbaycan və Ermənistana olan münasibətində seçimini etməlidir”.

Həm texniki təchizat, həm də döyüşçü potensialı baxımından  bərbad vəziyyətdə olan Ermənistan ordusunun guya bütün təmas xətti boyu çox ciddi şəkildə hər şeyi nəzarətdə saxladığını da yazısında qeyd edən şərhçinin özünə təsəlli verməyə çalışdığı sezilir.

Bütövlükdə Türkiyə-Azərbaycan strateji əməkdaşlığının Ermənistanı əməlli-başlı qorxutması başadüşüləndir. Çünki Türkiyə dövləti  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Türkiyə rəhbərliyi mütəmadi olaraq beynəlxalq tribunalardan Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edir, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində böyük səylər göstərir.Türkiyə dövləti hər zaman münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirərək  bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyini qorumaqdadır.

Xatırladaq ki, Türkiyə 1993-cü ildən etibarən  Azərbaycanı dəstəkləyərək işğalı  davam etdirməsi səbəbindən Ermənistanla sərhədini bağlayıb.

Bu gün də ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədə davam edir, eyni zamanda, hər iki ölkənin rəhbərləri şəxsi dostluq münasibətləri müstəvisində də bütün sahələrdə əlaqələrin uğurla inkişafı üçün əllərindən gələni əsirgəmirlər. 

Bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihənin gerçəkləşməməsi də işğalçılıq siyasəti ucbatından regionda təcrid edilən  Ermənistanı daim hiddətləndirən əsas amillərdəndir. 

Bütün bu faktlara və Türkiyə-Azərbaycan qardaşlığı tablosuna ümumi nəzər saldıqda,  əlbəttə, ayrumyanların və qeyri-ayrumyanların xeyli təlaşlanmasına  böyük əsas var. Dünyanın möhtəşəm ordusuna malik ölkələrdən biri olan Türkiyə  və hərbi potensialına görə  dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin iki doğma bayraq altında bir vahid qardaşlıq amalı ətrafında birləşməsi işğalçı Ermənistanı qorxu içində saxlamaq üçün yetərlidir. Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər  Atatürk ordusunun Azərbaycanda görünməsi ilə hər dəfə bu qorxunu iliklərinə qədər yaşamağa məhkumdur...

Sevinc Abdullayeva, “İki sahil”