KÖŞƏ

Sevinc Azadi

Atəşkəs niyə davamlı sülhə çevrilmir?

15 may 2019 10:30
1857

Paşinyanın gedişləri Dağlıq Qarabağ məsələsində ölkəni daha dərin uçuruma sala, ən əsası isə, təhlükəli savaşa sürükləyə bilər

Ermənistan siyasi və ekspert dairələrində yayılan informasiyalar bu ölkənin mövqeyi haqqında müəyyən fikir yürütməyə imkan yaradır. Təhlillər göstərir ki, Ermənistan rəhbərliyi hələ də qlobal və regional miqyasda baş verən prosesləri qeyri-adekvat dərk edir. Onlar reallığa əsaslanmayan mövqe tutmaqda davam edirlər. Bu bir tərəfdən regionda riskləri artırırsa, digər tərəfdən Ermənistanın özünü daha pis vəziyyətə salır. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan özünün yeni məsuliyyətsiz yanaşması ilə növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirib. Belə ki, Paşinyanın Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı təşəbbüsünün rədd edilməsi barədə ATƏT-in Minsk qrupunun son bəyanatlarına, həmçinin danışıqların formatının dəyişdirilməsinə qarşı çıxmış Azərbaycan Prezidenti İlham Əliyevin qəti mövqeyinə baxmayaraq, Ermənistanın baş naziri yenə əks mövqedən çıxış edib. O, separatçıların da danışıqlar prosesində tərəf kimi çıxış etməsinin vacibliyini önə çəkib. Halbuki bundan əvvəl qeyd olunan xüsusda edilən cəhdlərə görə təkcə Bakı yox, bütün dünya, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Paşinyanı kəskin şəkildə qınayıb və danışıqlar formatının dəyişməz olduğunu onun diqqətinə çatdırıblar. Amma Paşinyanın yenidən analoji mövqe sərgiləməsi artıq Qarabağ savaşını qaçılmaz edir.

Ermənistan hökumət başçısının cavabını verən Azərbaycan tərəfi də məsələnin bu məqamını qabardır. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edir ki, 25 il ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir: “Atəşkəs sülh deyil. Ermənistan rəhbərliyi tərəfindən də etiraf olunur ki, 25 il keçməsinə baxmayaraq, atəşkəs davamlı sülhə çevrilməyib. Bu müddət ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir”.

Nikol Paşinyanın hakimiyyətə gəlməsinin Ermənistanda siyasi böhranı daha da dərinləşdirdiyini artıq ekspertlər açıq etiraf edir. Bura xüsusən də Dağlıq Qarabağ münaqişəsi şamil edilir. Ermənistanda hesab olunur ki, Paşinyanın gedişləri Dağlıq Qarabağ məsələsində ölkəni daha dərin uçuruma sala, ən əsası isə, təhlükəli savaşa sürükləyə bilər.  “Qraparak” nəşri bu xüsusda yazır: “Ölkə təhlükə qarşısındadır və bunun qarşısını almaq üçün müraciət edilə biləcək rəhbər yoxdur. Bomba üzərində olan vəziyyətə düşmüşük və saat işləyir. Bu partlayacaq. Lakin neçə saniyə, neçə dəqiqə sonra...”.

Ermənistanda “Sülh dialoqu” təşkilatının eksperti Ruben Martirosyan da bildirir ki, bu durumda Azərbaycanla danışıqlara getmək və razılıqlar əldə etmək daha məqbul olardı: “Daha Azərbaycanı qıcıqlandıran mövqe sərgiləmək lazım deyil. Gəlin, reallığı unutmayaq. Ötən dövr ərzində Azərbaycan xeyli güclənib və bura onun ordusu da aiddir. Bizdə ordu nə ilə gündəmə gəlir? Daha çox itkilərlə, intiharlarla. Ermənistanda cinayətkar müstəntiqlər, hakimlər və prokurorlar hələ də hərtərəfli istintaq araşdırması aparmaq istəmirlər.”

Ümumiyyətlə, Ermənistanda münaqişənin həllinə yanaşmada fərqlər getdikcə özünü daha çox göstərir. Bir qrup Azərbaycanla dil tapmağın zəruriliyini anlayır. Digərləri isə qətiyyətlə buna qarşı çıxır. Hələlik barışmaz mövqedə olanlar çoxluq təşkil edir. Göründüyü kimi, Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən və ya başqa tarixi “faktlar” gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan çıxmalıdır!