14 fevral 2020 10:17
1001

ATƏT-in islamofobiya mərəzi və qərəzi

Aygün Attarın akkreditasiyasının ləğv olunması bu təşkilatın obyektivliyini şübhə altına alır

Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 13-də keçirilən iclasında ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il tarixində Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının sədri Peter Teylerin Müşahidə Missiyasının üzvü Aygün Attarın akkreditasiyasının ləğv olunması ilə bağlı müraciətinə baxılıb və Aygün Attarın akkreditasiyası ləğv olunub.

Əslində bu, ATƏT/DTİHB-nin  qərəzli yanaşmasının, islamofobiyadan əziyyət çəkməsinin daha bir göstəricisidir. Çünki ciddi bir əsas olmadan bir türkün buradan kənarlaşdırılması avropalıların eyni zamanda Türkiyəyə və onun ən yaxın müttəfiqi Azərbaycana olan qərəzlərindən irəli gəlir. Akkreditasiyasının ləğv edilməsinə münasibət bildirən A. Attar bildirib ki, səsvermədən bir neçə gün əvvəl ATƏT müşahidəçilərinin toplantısı keçirilib. Toplantıda Azərbaycanda keçiriləcək seçkilərlə bağlı müşahidəçilərə qeyri-obyektiv məlumatlar verilib: “Bununla əlaqədar fevralın 8-də sosial media üzərindən ATƏT Müşahidə Missiyasının rəhbərliyinə etirazımın ifadə olunduğu müraciət yazdım. Müraciətimdə ATƏT-i beynəlxalq hüquq çərçivəsində hərəkət etməyə, Azərbaycanın daxili işlərinə qarışmamağa, obyektiv mövqe ortaya qoymağa çağırdım. Mən mədəni çərçivədə öz tənqidi mövqeyimi ortaya qoydum. Fevralın 9-da isə ATƏT/DTİHB-nin Müşahidə Missiyasının üzvü kimi vəzifəmi yerinə yetirdim. Fevralın 11-də müşahidəçilərin sonuncu toplantısında ATƏT-dən iki nəfər mənə müşahidəçi kimi akkreditasiyamın ləğv olunduğunu söylədilər. Səbəbini soruşdum: beynəlxalq müşahidəçi kimi obyektivlikdən kənar bir hərəkətimmi olub? Dedilər ki, yox. Səbəb fevralın 8-də etdiyim müraciətdir. Mən isə ATƏT-in ölkələrdə fikir, mətbuat azadlığı, demokratiyanın inkişafı üçün  təsis edildiyini xatırlatdım. Dedim ki, necə olur ki, ATƏT özü kiçik bir tənqidə belə dözmür, amma başqa ölkələri tənqid edir, guya dərs verir? Onlar da mənim akkreditasiyamın ləğv olunması üçün MSK-ya müraciət etdilər. Məsələnin mahiyyəti budur”.

Burada haqlı sual doğur: Aygün Attar kimdir və hansı səbəbə görə akkreditasiyası ləğv edilib? KİV -lərdə gedən məlumatlara görə,  ATƏT müşahidəçilərindən olan professor, tarixçi Aygün Attar uzun illər Türkiyənin Girəsun Universitetinin rektoru vəzifəsində çalışıb. 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülən tarixçi, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərib. Belə ki, o, ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdikləri soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

3-12 fevral tarixlərində ATƏT-dən beynəlxalq müşahidəçi kimi ölkəmizdə səfərdə olan A. Attar seçki günü yazdığı bir məqalədə təəssüratlarını belə bölüşüb: “İkinci dəfə müstəqillik əldə etdiyi tarixin üstündən hələ 30 il keçməsə də, müsbət inkişafların görməzlikdən gəlinərək yalnız neqativliyin önə çıxarılması Azərbaycan adına da, vətəndaşı olduğum Türkiyə adına da məni çox üzdü. Bu sətirləri yazdığım zaman seçkilər hələ bitməyib və seçkiləri izləyən ATƏT-in seçki müşahidə komitəsinin hesabatı açıqlanmayıb. Ancaq şəxsən mən hesab edirəm ki, hesabat mənfi olacaq, çünki qərəzlilik obyektivliyə zərər verəcək.”

Attar xüsusi qeyd edir ki, ATƏT-in hazırladığı hesabatın hüquqi sanksiyası yoxdur: “Lakin hesabat Azərbaycanla ATƏT-ə üzv ölkələr arasındakı münasibətlər üçün vacibdir. Sizə məsləhətim budur ki, Azərbaycanda neft və təbii qazdan başqa xoşniyyətli insan enerjisini vurğulayan diskussiyalara üstünlük verin və bu fəaliyyətlərə dəstək olun. Ölkədə gedən seçki prosesinə hörmətlə yanaşmaq  keçirilən seçkilərdə Azərbaycanın dəvəti ilə iştirak edən bütün xarici müşahidəçilərin qanuni borcudur”.

Attar vurğulayır ki, məqalə çap olunduqdan sonra Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə görə ATƏT Müşahidə Missiyasının tərkibində yer almış nümayəndənin akkreditasiyasının ləğvi üçün MSK-ya müraciət edib.

Hər zaman insanların öz fikrini səsləndirməkdə azad olduğunu vurğulayan bir qurumun belə bir addım atması bizləri ciddi şəkildə düşündürür - nəyə görə ATƏT belə dözümsüz davranaraq öz fikrini ifadə etdiyi üçün missiyasının tərkibində yer almış bir professora qarşı bu cür mövqe nümayiş etdirib? Həm dözümsüzlük nümayiş edilib, həm də bərabər fikirlərə yer ayrılmayıb. Belə çıxır ki, nümayəndə ölkə əleyhinə fikir yazsa, ATƏT heç də onun akkreditasiyasının ləğv olunması ilə bağlı müraciət etməyəcək və əksinə olaraq onu dəstəkləyəcək.

Bax, avropalıların iç üzü budur- tənqidə dözümsüz və qərəzli.

Elçin Zaman, “İki sahil”