14 iyul 2020 12:18
721

ATƏT-in Minsk qrupu “ənənələrinə” sadiq qalaraq heç bir konkret mövqe ortaya qoymadı

 “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında tam açıq şəkildə erməni silahlı qüvvələrinin Tovuz istiqamətində təxribat törətdklərini və bu təxribata görə Ermənistanın siyasi-hərbi rəhbərliyinin məsuliyyət daşıdığını bildirdi. Təxribatın Dağlıq Qarabağ və yaxud digər ərazilərdə yox, məhz iki ölkə arasında törədilməsi və dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), digər beynəlxalq təşkilatlara şikayət etməsi isə Paşinyan komandasının riyakarlığına, ikiüzlüyünə dəlalət edir”. Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev “İki sahil” qəzetinə açıqlamasında deyib.

Deputatın sözlərinə görə, KTMT-da Azərbaycana dost ölkələr təmsil olunub. Bununla belə, təəssüf doğuran məsələ ondan ibarətdir ki, münaqişənin həllinə bilavasitə məsul olan ATƏT-in Minsk qrupu “ənənələrinə” sadiq qalaraq heç bir konkret mövqe ortaya qoymadı. Dövlətimizin başçısı isə son müsahibəsində həmin o qurumun fəaliyyətini kəskin tənqid etdi: “Cənab Prezident ötən gün Təhlükəsizlik Şurasının iclasında xalqın ondan eşitmək istədiyi fikirləri səsləndirdi və şəhidlərin qisasının alındığını, ermənilərə sarsıdıcı zərbə vurulduğunu, gələcəkdə də bu istiqamətdə ən qəti tədbirlərin görüləcəyini bildirdi. Xalqımız isə öz rəhbərinin qətiyyətini ən yüksək səviyyədə qiymətləndirir və dəstəkləyir”.

Ceyhun Piriyev, “İki sahil”