12 iyul 2019 12:52
99

ATƏT PA-nın Yekun Deklarasiyasında Azərbaycanın maraqları təmin olundu

ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən "Yekun Deklarasiya"da Azərbaycanın maraqları təmin olundu.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, müzakirə olunan bəyannamənin 22-ci maddəsində yer alan müddəa Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olub:

“Həmin maddədə nəzərdə tutulur ki, ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan konfliktlərə eyni prizmadan yanaşılmalıdır. İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi”.

B.Muradova vurğulayıb ki, ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələri həlli üçün konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir.