12 fevral 2020 11:45
929

ATU-da “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq

Azərbaycan Tibb Universiteti daha bir yeniliyə imza atır. Belə ki, ölkəmizdə yeganə ali tibb təhsili verən bu məktəbdə bundan sonra “Tibb bacısı” ixtisası üzrə də təhsil almaq mümkün olacaq.

Qeyd edək ki, indiyədək tibb bacısı ixtisası üzrə yalnız natamam ali təhsil almaq mümkün idi.

ATU-dan "İki sahil"ə bildirilib ki,  gündəlik həyatımızda səhhətimizlə əlaqədar olaraq işini yüksək səviyyədə bilən, xəstələrə keyfiyyətli yardım göstərməyi bacaran tibb bacılarına ehtiyac daha çoxdur. ATU rəhbərliyi bu tələbatı nəzərə alaraq son illər səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində “Tibb bacısı” üzrə bakalavr səviyyəsində ixtisas açmaq qərarına gəlib.

Qeyd edilib ki, yeni ixtisas üzrə insanlara peşəkar yardım göstərəcək tibb bacıları yetişdiriləcək. İxtisas üzrə təhsil alan gənclərə tibb komandasının məsuliyyətli üzvü olmaq, vəzifə və öhdəliklərini peşəkar şəkildə yerinə yetirmək, peşə etika qaydalarına hər zaman riayət etmək, peşəkar tibb bacısı olmaq üçün zəruri bilik və bacarıqlar tədris olunacaq.