13 avqust 2020 18:16
947

Avqustda sosial təminat kimlərə və hansı formada veriləcək?

Çinin Uhan şəhərindən dünyaya sürətlə yayılmağa başlayan və 8 aya yaxın müddətdir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası nəticəsində ən inkişaf etmiş ölkələrdə belə qurbanların sayı minlərlə ölçülür. Bununla yanaşı, qlobal maliyyə böhranı da sürətlə artır, işsizlərin sayı çoxalır, xidmət sahəsi karantin rejimi uzandıqca daha da çıxılmaz vəziyyətin astanasına doğru irəliləyir və sair. Əksər ölkələrdə vəziyyət çıxılmaz durumda olduğu halda Azərbaycan bu ağır sınaqdan minimum zərərlə çıxmaqdadır. Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ötən dövrdə bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial, şaxələndirilmiş kənd təsərrüfatı, dövlət səviyyəsində qəbul edilən operativ qərarlar ölkəmizə bu qlobal böhrandan ən az zərərlə çıxmağa imkan verir. Pandemiya dövründə də əhalinin sağlamlığının qorunması üçün kompleks tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı sosial dəstək proqramları hazırlanaraq həyata keçirilir.

Məlum olduğu kimi, təqbiq olunan xüsusi karantin rejimi müddətində zərərçəkmiş şəxslərə birdəfəlik sosial dəstək mütəmadi olaraq verilib. Sevindirici haldır ki, bu proses avqust ayında da həyata keçiriləcək. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin məlumatına görə, yaxın günlərdə ödəmələrin verilməsinə başlanılacaq. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ yaranan 278 min şəxsin siyahısı artıq aidiyyi banklara göndərilib. Vəsait vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək. Birdəfəlik ödəmə aprel-may ayları üzrə 190 manat almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarından olan işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal çalışan aztəminatlı şəxslərə veriləcək.

Qeyd edək ki, sosial dəstək proqramı çərçivəsində işsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər üzrə 190 manat (yaşayış minimumu) birdəfəlik ödəmə aprel-may aylarında ölkə üzrə 600 min şəxsə şamil edilib və bunun üçün dövlət büdcəsindən 225 milyon manat vəsait ödənilib. Prosesin davamı olaraq iyul ayında da sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə dövlət büdcəsindən 290 min şəxsə 55 milyon manat vəsait ödənilib.

Həyata keçirilən bütün bunlar deməyə imkan verir ki, dövlət çevik və genişmiqyaslı sosial dəstək tədbirləri ilə hər zaman vətəndaşının yanındadır. Pandemiya dövründə sosial müdafiə tədbirlərinin icrası nəinki ləngiyib, əksinə, Prezident İlham Əliyevin rəhbərliyi, tapşırığı və nəzarəti ilə daha əhatəli şəkildə həyata keçirilir.

Taleh Bağırov, “İki sahil”