18 mart 2020 18:07
1507

AVRO-2020-nin təxirə salınması bizə təsir göstərməyəcək

"Əslində deyiləcək söz yoxdur, hər şey bəllidir. Koronavirus qlobal problemdir, artıq pandemiyadır. Nə edə bilərik? Sadəcə, gözləmək lazımdır. Artıq UEFA qərar verib: Avropa çempionatı 2021-ci ildə keçiriləcək".

Bu fikirləri "Report"a açıqlamasında Bakı Olimpiya Stadionunun (BOS) direktoru Cavid Qarayev Avropa çempionatının təxirə salınmasına münasibət bildirərkən deyib.

O deyib ki, BOS nüfuzlu yarışın bütün hazırlıq işlərini tamamlamaq üzrə idi: "Bundan sonra prosedurlar olacaqdı. Gözləyəcəyik, UEFA-nın nümayəndələri gələndən sonra hər şey bəlli olacaq".

Qarayev AVRO-2020-nin təxirə salınmasının BOS-un hazırlığına təsir göstərməyəcəyini vurğulayıb: "Ertələnmə bizə təsir göstərməyəcək. Bəlkə də, bunun faydası olacaq ki, vaxt qazanacağıq. Bəzi işlər mayadək bitməli idi. İndi belə çıxır ki, bir il də vaxtımız var".

BOS rəsmisi Avropa çempionatınadək arenada digər matçların keçirilməsinin mümkünlüyünü söyləyib: "Təbii ki, bütün oyunlar keçirilə bilər. Amma nə vaxt keçiriləcəyi Azərbaycandakı vəziyyətdən asılıdır. Klubların və milli komandaların beynəlxalq oyunlaradək bu xəstəlik qalacaqmı? Çox suallar var, onlara cavab verə bilmirəm".

Direktor BOS-da çalışanların koronavirusa görə evlərində olduğunu vurğulayıb: "Bayrama yaxın hamısı evlərindədir. Kimin vacib işi olsa, gəlir, işini görəndən sonra isə çıxıb evinə gedə bilir". 

Qeyd edək ki, Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.