04 dekabr 2019 18:29
161

“Avro 2020”nin biletləri satışa çıxarılıb

Biletləri euro2020.com/tickets saytından əldə etmək olar

Futbol üzrə “Avro 2020”nin oyunları üçün biletlər dekabrın 4-dən satışa çıxarılıb. Bilet satışının ikinci mərhələsinin bu tarixdə başlanması noyabrın 30-da keçirilən püşkatmadan sonra komandaların hansı qrupda və ev sahibi şəhərlərdə oynamasının müəyyənləşməsi ilə bağlıdır.

Azarkeşlər dekabrın 4-də saat 17:00-dan dekabrın 18-də saat 17:00-dək ancaq www.euro2020.com/tickets saytı vasitəsilə “Avro 2020” oyunlarına biletlər üçün müraciət edə biləcəklər. Hər bir oyuna bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, bilet satışı lotereya sistemi vasitəsilə həyata keçiriləcək. Lotereyanın qalibləri onlara e-maillə bildiriş gəldikdən sonra ödənişi həyata keçirib biletləri əldə edəcəklər. Əgər lotereyada iştirak edən müraciət edənlərin sayı satışa buraxılan bilet sayından az olarsa boş qalan biletlər yanvardan etibarən birbaşa satışa çıxarılacaq.

Müraciət edənlər özləri də daxil olmaqla, maksimum 4 bilet ala bilər. Oyunlara biletlər üç kateqoriya üzrə müvafiq olaraq 125, 70 və 30 avro məbləğində təklif olunur. Fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan üçüncü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.

Çempionata ev sahibliyi edəcək digər 9 şəhərdən fərqli olaraq Bakı, Buxarest və Budapeştin ev sahibliyi edəcəyi oyunlar üçün biletlər daha ucuz qiymətlə təklif olunur.

“Avro 2020” rəsmi qonaqpərvərlik satış paketləri (VIP biletlər) haqqında məlumat əldə etmək istəyənlər EURO2020.com/hospitality linkinə keçid etməlidirlər.

Əvvəlcədən də məlum olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin dörddəbir final mərhələsinin bir qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıblar. İyunun 13-də Uels-İsveçrə, dörd gün sonra Türkiyə-Uels, ayın 21-də İsveçrə-Türkiyə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. İyulun 4-də dörddəbir final mərhələsinin qarşılaşması Bakıda təşkil olunacaq.

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası qrup mərhələsindəki hər üç oyununu Romadakı “Olimpiko” stadionunda keçirəcək.