21 fevral 2019 13:47
545

Avstraliyada növbəti 30 ildə bir milyard ağac əkiləcək

Avstraliya hökuməti növbəti 30 il ərzində 1 milyard ağac tingi əkmək qərarına gəlib. Güman olunur ki, bu, Avstraliyanın 2016-cı ildə qoşulduğu iqlim üzrə Paris sazişinin məqsədinin bir hissəsinə nail olmağa imkan yaradacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avstraliyanın Baş naziri Skott Morrison miqyaslı aksiyanın başlanması barədə məlumatı özünün “Twitter” səhifəsində elan edib.

Ekoloqlar hesab edirlər ki, qitənin yaşıllaşdırılması istiqamətində belə miqyaslı aksiya 2030-cu ilədək azı 18 milyon ton parnik qazlarından azad olmağa şərait yaradacaq. Ağac əkilməsi planının reallaşdırılması üçün artıq 20 milyon Avstraliya dolları (14,3 milyon ABŞ dolları) həcmində əlavə maliyyə ayrılıb.

Hökumət bütün ölkə ərazisində yaşıllaşdırılma işlərinin nəinki qitəyə yeni “yaşıl ağciyər” bəxş edəcəyini, həmçinin bir neçə min əlavə iş yeri yaradacağını, həmçinin hazırda milli iqtisadiyyata təxminən 23 milyard Avstraliya dolları (16,4 milyard ABŞ dolları) həcmində gəlir gətirən meşə təsərrüfatına yeni impuls verəcəyini düşünür.

Hazırda Avstraliyada hər il atmosferə 500 milyon ton parnik qazı atılır. Ekoloqların fikrincə, kömürdən aktiv istifadə və onun ölkə iqtisadiyyatı üçün önəmi zərərli qazların həcminin azaldılması üçün əsas maneədir. Kömür sənayesi ölkədə hasil olunan enerjinin 60 faizdən çoxunu, eləcə də Avstraliyanın əsas ixracatını təşkil edir.

Qitədə meşə sahələrinin artırılmasının (2018-ci ilin sonuna olan məlumata əsasən, ölkə ərazisinin yalnız 17 faizi meşədir) parnik qazlarının həcmini hər il 26-28 faiz azaltmağa imkan verəcəyi gözlənilir.