07 iyul 2020 16:24
421

Avstriyada COVID-19 məhdudiyyətləri sərtləşdirilir

Bir neçə həftə əvvəl COVID-19 məhdudiyyətlərinin yumşaldılmasının ardınca Avstriyanın bir sıra regionlarında (Yuxarı Avstriya və Vyana) yoluxma halları artmağa başlayıb.

İyulun əvvəlindən etibarən ölkədə aktiv yoluxma halları min nəfərdən yuxarı olduğuna görə rəsmi qurumlar bəzi önləyici tədbirlər görməyə başlayıblar. İlkin olaraq Yuxarı Avstriya federal əyaləti iyulun 9-dan bütün ictimai məkanlarda, eləcə də ictimai-iaşə və ticarət obyektlərində tibbi maskalardan icbari istifadə qaydalarını bərpa edib.

Federal əyalətin qubernatoru Tomas Şteltser və Səhiyyə məsələləri üzrə referent Xristine Haberlander mətbuat konfransında bildiriblər ki, pandemiyaya qarşı effektiv mübarizənin təmin edilməsi üçün məhdudiyyətlərin sərtləşdirilməsi tələb olunur. T.Şteltser əhalinin maskadan istifadə qaydalarına riayət etməsinin təminatı üçün hərbi qüvvələrin cəlb ediləcəyini də bəyan edib. Qeyd olunub ki, yoluxmaların artması fonunda bir sıra məhdudiyyətlərin tətbiqi bütün sosial və iqtisadi həyatın dondurulması (sərt karantin) tədbirlərinə getməmək üçün preventiv addım kimi dəyərləndirilməlidir.

Avstriyanın doqquz federal əyaləti arasında yoluxma sayına görə ilk yerə çıxan Yuxarı Avstriyada (2786 yoluxma halı), həmçinin qastronomiya obyektlərində könüllü qeydiyyat sistemi də tətbiq olunacaq. Bu sistem sayəsində yoluxma klasterlərini erkən müəyyənləşdirmək və təcridetmə proseslərini effektiv təşkil etmək mümkün olacaq.

Vyana şəhərinin meri Mixael Ludviq də yaxın günlərdə COVID-19 qaydalarının sərtləşdiriləcəyini istisna etməyib. //AZƏRTAC