18 may 2019 11:23
805

Avstriyada müxalifət partiyaları vitse-kanslerin istefasını tələb edirlər

Mayın 17-də Avstriyanın müxalifət partiyaları hazırkı koalisiyalı hökumətin vitse-kansleri Haynts-Kristian Ştraxenin tutduğu vəzifədən istefa verməsini tələb ediblər.

AZƏRTAC xəbər verir ki, buna səbəb H.K.Ştraxenin 2017-ci ilin yayında İspaniyanın İbiza adasında tətildə olarkən gizli kamera ilə çəkilmiş videomaterialla bağlı siyasi qalmaqalın yaranmasıdır. Avropa Parlamentinə seçkilər öncəsi yayılan videomaterial Avstriyada ciddi rezonans doğurub. Videoda özünü rus oliqarxlarından birinin qohumu kimi təqdim edən şəxslə H.K.Ştraxenin söhbəti və bu söhbət zamanı partiyaların maliyyələşdirilməsi, bu maliyyələşmənin seçkilərə təsiri və əvəzində investisiya imkanlarının yaradılması, aparıcı mətbuatda partiya üçün təbliğatın aparılması kimi məsələlər yer alıb.

H.K.Ştraxenin sədri olduğu Avstriya Azadlıq Partiyasından videomaterial ilə bağlı heç bir açıqlama verilməsə də, müxalifət partiyaları onun vəzifəsindən getməsini, həmçinin koalisiyalı hökumətin istefasını tələb ediblər.

Bu gün Avstriyanın federal kansleri, koalisiyalı hökumətin rəhbəri Sebastian Kurtsun qalmaqalla bağlı açıqlama verəcəyi gözlənilir.