07 oktyabr 2019 18:20
99

Avstriyada yeni federal Kansler yenə də Sebastian Kurts olacaq

Avstriyada keçirilmiş parlament seçkilərinin rəsmi nəticələri elan olunduqdan sonra oktyabrın 7-də dövlət başçısı Aleksander Van der Bellen seçkilərdə qalib gələn Avstriya Xalq Partiyasının (ÖVP) sədri Sebastian Kurtsu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Avstriya Prezidenti Administrasiyasının yerləşdiyi Hofburq sarayında keçirilən görüşdə A.Van der Bellen S.Kurtsa yeni hökuməti təşkil etmək üçün mandat verib. Bununla da keçmiş hökumətdə Kansler vəzifəsini tutan S.Kurts növbəti hökuməti də qurmaq səlahiyyətini rəsmi şəkildə əldə edib.

Görüşdən sonra S.Kurts mətbuata verdiyi açıqlamada parlamentdə təmsil olunan bütün partiyalarla ilkin koalisiya danışıqları aparacağını elan edib. O, mümkün qədər qısa zamanda sabit və yüksək fəaliyyət qabiliyyətinə malik hökumətin qurulacağına ümidvar olduğunu bildirib.

S.Kurts oktyabrın 8-dən etibarən parlamentdə təmsil olunan partiyaların rəhbərləri ilə görüşlər keçirəcək. İlk görüş seçkilərdə ikinci yer tutan Avstriya Sosial-Demokratlar Partiyasının (SPÖ) sədri Pamela Rendi-Vaqner ilə olacaq.

Siyasi müşahidəçilər seçkilərdən sonra Avstriya Xalq Partiyası və Avstriya Azadlıq Partiyası arasında koalisiyanın bərpa olunacağına dair proqnozlar verilsə də, S.Kurts bütün siyasi tərəfdaşlara koalisiya danışıqları üçün şans verəcəyini və yeni hökumətlə bağlı bütün mümkün variantların açıq olduğunu iddia edib.