17 mart 2020 21:25
928

Avstriyanın daha bir regionu karantin altına alınıb

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Avstriya hökuməti ölkənin daha bir xizək regionunun karantin altına alınmasına qərar verib.

Avstriyanın Tirol federal əyalətinin məşhur xizək regionlarının ardınca qonşu Forarlberq federal əyalətində də Arlberq xizək regionu karantin altına alınıb. Bu regiondakı Lex, Tsürs, Ştuben, Vart və Şröken qəsəbələrinə giriş-çıxış məhdudlaşdırılıb və rəsmi qurumların nəzarəti altında sosial təcrid tədbirləri həyata keçirilir.

Hazırda Forarlberq əyalətində koronavirusa yoluxma sayı 100 nəfər olmasına baxmayaraq (onların beşi karantin altına alınan Arlberq regionuna düşür), rəsmi qurumlar Arlberqdə qeyri-rəsmi yoluxanların sayının 20 dəfə çox olması və onların sayının qısa zamanda sürətlə artacağı qənaətindədirlər.

Arlberq regionunda karantin rejimi aprelin 3-dək qüvvədə olacaq.

Qeyd edilməlidir ki, martın 17-də günorta saatlarına kimi Avstriyada koronavirusa yoluxanların sayı 1332 nəfər olub. //AZƏRTAC