18 may 2020 13:47
285

Avstriyanın ümumtəhsil məktəblərində tədris bərpa olunub

Mayın 18-dən etibarən Avstriyanın ümumtəhsil məktəblərində pandemiya ilə əlaqədar yaranmış fasiləyə son qoyulub və tədris prosesi bərpa olunub.

Ölkə üzrə 700 mindən çox şagird üçün məktəb həyatı iyunun sonunadək ənənəvi qaydada davam edəcək. Tədrisin bərpası ilə əlaqədar məktəb binalarında xüsusi qaydalar tətbiq olunacaq. Belə ki, valideynlərin məktəb binasına daxil olmasına icazə verilmir, şagirdlər məktəb ərazisində dərs otağı istisna olmaqla hər yerdə maskadan istifadə etməli, siniflər üzrə şagirdlər iki qrupa bölünərək həftənin müəyyən günlərində dərsə cəlb olunmalıdırlar.

Təhsil naziri Verner Fassmann bildirib ki, gigiyena və sosial məsafə qaydaları yaxın həftələrdə dərs prosesinin tədris ilinin sonunadək necə təşkili məsələsini müəyyən edəcək. Eyni zamanda, tədris ilinin sonunadək qalan ayyarımlıq müddət ümumtəhsil məktəblərinə yay tətilindən sonra növbəti dərs ilinə hazırlıq imkanı verəcək. Nazir pandemiyanın ikinci dalğası təhlükəsini nəzərə alaraq, hazırkı dövrü növbəti tədris ili üçün sınaq prosesi kimi dəyərləndirib. O, dərslərin yay tətilində də davam etdirilməsi məsələsinə aydınlıq gətirərək deyib ki, şagirdlər, valideynlər və müəllimlər pandemiya ilə əlaqədar iki ay müddətində əvvəlcədən gözlənilməyən çətin rejimdə olublar və bu prosesdə iştirak edən heç kimi yay tətilində istirahət etmək hüququndan məhrum etmək olmaz.

Xatırladaq ki, ümumtəhsil məktəblərinin buraxılış sinifləri (10 və 12-ci siniflər) mayın 4-dən dərslərə başlayıb və üçhəftəlik hazırlıq müddətindən sonra mayın 25-dən etibarən bu siniflərdə buraxılış imtahanları keçirilməlidir. //AZƏRTAC