11 avqust 2020 18:32
941

 AXC-Müsavat qaragüruhunun xəyanəti nəticəsində torpaqlarımız işğal olundu

Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ adlı şər imperiyasında iqtisadiyyatın, ictimai və dövlət quruluşunun, ictimai-siyasi və milli münasibətlərin böhranı kəskinləşərək özünün pik həddinə çatmışdı. Eləcə də milli hərəkatların zorakılıqla yatırılması, xüsusilə də 1990-cı ilin yanvarında Bakıda silahsız insanlara qarşı törədilmiş qanlı cinayət, başda M.Qorbaçov olmaqla o vaxtkı “mərkəz”in anti-Azərbaycan siyasəti, Dağlıq Qarabağda erməni separatçılarının Moskvanın avantürist qüvvələri tərəfindən müxtəlif yollarla dəstəklənməsi çox haqlı olaraq Azərbaycan xalqının kəskin etirazına səbəb olmuşdu. Təbii ki, bütün bunlar o vaxtkı Azərbaycan rəhbərliyinin Moskvanın qarşısında müticəsinə quyruq bulayaraq xalqazidd mövqe tutmalarına baxmayaraq müasir dünyagörüşünə, qədim dövlət quruculuğu ənənələrinə malik olan, güclü milli-mənəvi enerji ilə meydanlara çıxan xalqımızın müstəqilliyə qovuşmaq istəyini qarşısıalınmaz həddə çatdırdı. Nəhayət, o zamankı SSRİ daxilində baş verən ictimai-siyasi proseslərin və xalqımızın milli-azadlıq mübarizəsi nəticəsində Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi.

  Azərbaycanın öz dövlət müstəqilliyinə qovuşması xalqımızın tarixi nailiyyəti, milli dövlət quruculuğu istedadının təzahürü idi. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edən idrakı sönük başçıların xəyanəti üzündən Azərbaycanın başı üstünü qara buludlar aldı. 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyəti güc yolu ilə zəbt etməsindən sonra vəziyyət daha da ağırlaşaraq faciəvi mərhələyə qədəm qoydu. Hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular.  Ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olmayan “bəylər”in yarıtmaz idarəçiliyi ilə respublika dərin böhrana sürükləndi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürür, talançılıq, korrupsiya, rüşvət meydan sulayırdı. İqtisadiyyat dağılıb gedirdi. İnflyasiya 1000 faizdən çox idi. İş o yerə çatmışdı ki, 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə, o vaxtkı Prezident Əbülfəz Elçibəy məmurlara ittihamedici suallar verərək “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür...” demişdi.

Azərbaycan xalqı bu rəzil, xəyanətkar, səriştəsiz, başıpozuq dəstənin hakimiyyətinə bir il dözə bildi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev “ölüm, ya qalım” dilemması ilə qarşı-qarşıya qalan Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi, Azərbaycanı çirkli siyasi oyunların məngənəsindən çıxardı, xalqı və ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas etdi. Ümummilli Lider milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik və həmrəyliyə nail olmaq üçün mühüm addımlar atdı. Ulu Öndərin gərgin və titanik fəaliyyəti Azərbaycan dövlətini dağılmaq və parçalanmaq təhlükəsindən xilas etdi, nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlər həyata keçirildi. Hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi.

Bu gün radikal müxalifət düşərgəsinin antimilli təmsilçiləri, xüsusilə də AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların tör-töküntüləri bilməlidirlər ki, xalqa yaşatdıqları o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələrini heç kim unutmayıb. Belələri yaxşı bilməlidirlər ki, xalqımızın və dövlətçiliyimizin ən müsibətli dövrlərindən olan 1992-1993- cü illərin məşəqqətləri, eləcə də bu antimilli ünsürlərin xəyanətkarlığı, səriştəsizliyi ucbatından Dağlıq Qarabağın erməni işğalına məruz qalması tarixin yaddaşından heç vaxt silinməyəcək.

 Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi - AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı: “Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Cəmiyyətdə heç bir rolu, sosial bazası, ictimai dəstəyi olmayan, ötən əsrin 90-cı illərinin çayxana təfəkküründən, küçə, daş-kəsək psixologiyasından əl çəkə bilməyən, müasir çağırışlara cavab verə bilməyən, öz köhnəlmiş, mağara, antimilli təfəkkürlü adətlərindən əl çəkməyən dağıdıcı müxalifət hələ də ötən əsrin köhnəlmiş siyasi şüur və inkarçı, pozucu mübarizə metodlarından əl çəkə, yeniləşə, milliləşə bilmir. Bütün bunlar deməyə əsas verir ki, mənəvi-psixoliji deqradasiyaya uğrayan radikal müxalifətin tezliklə siyasi səhnədən silinəcəyi, tarixin zibilxanasına atılacağı qaçılmazdır.

Zahid Rza, “İki sahil”