13 yanvar 2020 20:47
821

Aydın Hüseynov: Azərbaycanın sosial-iqtisadi inkişafı dinamik xarakter daşıyır - VİDEO

“Ölkəmizin iqtisadi imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir çox addımların atılmasını zərurətə çevirib. Azərbaycan dövləti dünya ölkələrini cənginə alan maliyyə-iqtisadi böhranın yaratdığı çətinliklərin qarşısını almaq üçün  qabaqlayıcı tədbirlər həyata keçirməklə makroiqtisadi sabitliyi qoruyub saxlayıb. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Vətəndaşların sosial ehtiyaclarının ödənilməsinə xidmət edən iqtisadi siyasət ümumən insan amilinin inkişafına təkan verir. Hökumət azad iqtisadi münasibətlərə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də diqqətdən qaçırmır.”

Bu fikirləri İkisahil.TV-yə  müsahibəsində Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Aydın Hüseynov qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, paralel olaraq sosial müdafiə məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb.

A. Hüseynov diqqətə çatdırıb ki, Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Azərbaycanın fəal təşəbbüslər irəli sürdüyü və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin region və Avropa İttifaqı məkanı üçün önəmini artıran faktorlar qismində çıxış edir.

Aydın Hüseynov vurğulayıb ki, ölkə başçısının qeyd etdiyi kimi, dövlət qurumları üzərində ictimai nəzarət möhkəmləndirilməlidir. Xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip daim qüvvədədir. “Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır”” - bu sözlərin müəllifi cənab İlham Əliyevə olan kütləvi inam da məhz onun hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Ölkə başçısının qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, respublikamızda sosial sahədə vəziyyət dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəldilməlidir. Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, respublikamızda dinamik iqtisadi artım hesabına  yoxsulluq səviyyəsi hazırda 4,9 faizə enib. Respublikamızda işsizlik də təxminən bu səviyyəyədək aşağı salınıb.

Milli Məclisin deputatı xüsusi olaraq vurğulayıb ki, Azərbaycan vətəndaşları tam əmindirlər ki, istənilən  çətin məqamda Prezidenti, dövləti onların yanındadır. Bu çox mühüm bir amildir. Həyatdır, onun enişi də, yoxuşu da vardır. Hər zaman hər hansı bir hadisə baş verə bilər. Hər hansı bir çətinlikdə vətəndaş əmindir ki, dövlətin rəhbəri birbaşa onun yanındadır. Bu cəmiyyətin stabilliyində, uğurların qazanılmasında çox mühüm bir amildir.

A.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanın əldə etdiyi uğurlu inkişaf göstəriciləri nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir.   Ölkəmizin əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əks olunur.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”