25 mart 2020 10:18
1287

Aydın Hüseynov: Dövlət tərəfindən görülmüş bütün işlər bir məqsəd güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi, şəxsi diqqət və dəstəyinə əsasən ölkəmizdə koronavirusla mübarizə istiqamətində qabaqlayıcı fundamental tədbirlər davam etdirilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, vaxtında düzgün qərarlar qəbul edilməməsi səbəbindən hazırda çətin vəziyyətdə olan ölkələrlə müqayisə oluna bilər:

"Prezidentin sərəncamı ilə bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını və ilk olaraq fonda Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsaitin ayrılmasını xüsusilə qeyd etmək lazımdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi dövlətlə xalq birliyinin növbəti təzahürü olmaqla hər bir vətəndaş üçün nümunədir. Məhz bu səbəbdən də fonda ianə edən təşkilatların, hüquqi və fiziki şəxslərin sayı artır".

A.Hüseynov qeyd edib ki, dövlət başçısının xalqımız naminə növbəti mühüm addımının cəmiyyətimizdə böyük rezonansa səbəb olduğunu real faktlar da təsdiqləyir:

"Dövlət tərəfindən görülmüş bütün işlər bir məqsəd güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Hər bir vətəndaş bilməlidir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Vətəndaşlar da öz növbəsində məsuliyyətli olmalı, yeni qaydalara, xüsusi karantin rejiminə riayət etməlidirlər. Milli həmrəylik, məsuliyyət, milli birlik bu xəstəliyə qalib gəlməyə imkan verəcək".

Millət vəkili vurğulayıb ki, ölkə rəhbərliyinin göstərişi və qayğısı sayəsində görülən bütün tədbirlər xalqımızın rifahının yaxşılaşdırılmasına istiqamətlənib və koronavirusla mübarizə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib.

A.Hüseynovun sözlərinə görə, belə bir mürəkkəb məqamda dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyatımıza, makroiqtisadi sabitliyə, sahibkarlıq subyektlərinə və ölkədə məşğulluq məsələlərinə ehtimal olunan mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər də görülməkdədir.