26 iyun 2020 13:30
288

Aydın Quliyev: Tarixi dəyərlər uğrunda döyüşdüyünü dərindən bilən əsgər və zabit məğlubedilməz olur

“Ordumuza dünyanın 50 ən güclü orduları sırasında yeri təmin edən göstəricilər Prezident İlham Əliyevin çıxışında dəqiq göstərildi”

“İki sahil” Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O, hesab edir ki, hərbi siyasət və ordu quruculuğu sahəsində verilən mesajların əsas dəyəri ondan ibarətdir ki, Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin bütün güc mənbələrini aydın təqdim etdi: “Ordumuzun maddi texniki təchizatının, əsgərlərin xidmət, zabitlərin məişət şəraitinin fasiləsiz yaxşılaşdırılması, ən müasir döyüş sursatları ilə təminatı, əskərlərin döyüş və vətənpərvərlik ruhunun daim gücləndirilməsi, xalqın orduya birmənalı güvənməsi ordumuzun şəksiz güc mənbələri kimi xarakterizə edildi. Prezident İlham Əliyev ordumuzun şəxsi heyətinin mənəvi güc və döyüş ruhunu daha da artırmaq yollarını konkret söylədi. Həqiqətən də Prezidentin dediyi kimi, əsgər və zabitlərimizin tariximiz haqqında dərin təsəvvürlərinin olması çox vacibdir. Prezident İlham Əliyev ordunun şəxsi heyətinə öyrətdi ki, hansı tarixi dəyərlər uğrunda döyüşdüyünü dərindən bilən əsgər və zabit məğlubedilməz olur. Ermənilərin əlində qalmış tarixi toponimlərimizi bilməklə bağlı Prezidentin dedikləri əsgər və zabitlərimizin öz üzərlərində səylə işləmək vərdişlərini xeyli artıra bilər. Heç şübhə yoxdur ki, Prezidentin hərbi quruculuqda vacib hesab etdiyi metodik tövsiyə və tapşırıqlar ordu rəhbərliyi tərəfindən dəqiq icra olunacaq".

Ekspert bildirib ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın əsas götürdüyü prinsiplərin və mövqelərin qətiyyən dəyişmədiyi barədə Prezidentin Milli Ordu qarşısında söylədiklərinin strateji əhəmiyyəti müqayisəolunmazdır: "90-cı illərin əvvəllərində torpaqlarımızın işğalı üçün şərait yaradan daxili siyasi səbəblər barədə Prezident İlham Əliyevin açıqladığı fakt və təhlillər şəxsi heyətin tarixi bilgilərini xeyli zənginləşdirdi və qiymətli düşüncə materialları verdi.

Ermənistandakı mövcud rejimin mahiyyəti və bununla bağlı bəzi beynəlxalq qurumların ikili yanaşmaları barədə əsgərlərimizin maarifləndirilməsi çox əhəmiyyətlidir. Prezidentin bu yöndə çıxışı əsgərlərimizdə mövcud olan rəyləri daha da möhkəmləndirdi ki, Ermənistan ordusu təkcə təcavüzkar yox, həm də oğru, rüşvətxor, talançı və cinayətkar bir dəstədir. "Erməni generalları oğru, prezidentləri rüşvətxor, qəhrəmanları canidir", fikrinin bir aforizmə çevrilərək Ermənistanda ictimai və hərbi fikrə təsirsiz ötüşməyəcəyini indidən əminliklə demək olar".

Baş redaktor deyib ki, Prezident İlham Əliyev "N" saylı hərbi hissədə çıxışı ilə Azərbaycan dövlətinin və Azərbaycan ordusunun gücünü də, Ermənistan siyasətinin gücsüzlüyünü və perspektivsizliyini də konkret göstərdi.