05 noyabr 2019 15:20
58

Aytən Alkaşı: Naxçıvanda tarixi ənənələr qorunur, yaşadılır

Naxçıvandakı muzeylər, abidələr çox gözəldir. Görünür ki, buradakı tarixi abidələrə, mədəniyyət nümunələrinə diqqət göstərilir, onlar yenidən qurulub bərpa edilir. Onu da gördüm ki, bu yaradılanlara muxtar respublikanın bütün sakinləri sahib çıxırlar. Buradakı birlik təqdirəlayiqdir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikada səfərdə olan “Siyasal Birikim” qəzetinin ictimaiyyətlə əlaqələr və reklam meneceri, “Balkan Birikim” qəzetinin reklam müdiri Aytən Alkaşı deyib.

“Naxçıvana ilk dəfədir, gəlirəm. Çox gözəl və müasir şəhərdir. Hər şeydən əvvəl, təmizdir. Şəhərdəki və gəzdiyimiz yerlərdəki səliqə-sahman məni o qədər maraqlandırdı ki, öz-özümə düşündüm. Bu yerlərin belə təmiz saxlanılmasının sirri nədir?” Yerli sakinlərlə tanışlıqdan sonra aydın oldu ki, bunun səbəbi çox sadə imiş. Hər kəs yaşadığı mənzilin ətrafının təmizliyini diqqətdə saxlayır. Heç kim yerə zibil atmır. Bir sözlə, insanlar qayda-qanunlara riayət edir, öz şəhər və kəndlərini sevirlər”, – deyən qonaq vurğulayıb ki, insanların rahatlığı, mehribanlığı sayəsində özümü doğma evimdəki kimi hiss etdim. Şəhərdə, demək olar ki, sıxlıq yoxdur. Naxçıvanın mətbəxi də zəngindir. Bir çox yeməklər bizim yeməklərə yaxındır, lakin çox ləzzətlidir.

Aytən Alkaşı bildirib ki, səyahətimiz boyunca bir çox yerləri gəzdik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan muzeydə olduq. Bu muzey görkəmli lideri dünya şöhrətli bir siyasi xadim kimi də öyrənməyə imkan verir. Naxçıvanda tarixi ənənələr yaşadılır. Möminə xatın türbəsində oldum. İlk diplomat qadınlardan birinin şərəfinə ucaldılan bu abidə, qadına verilən dəyər diqqətimi cəlb etdi. Abidə üzərindəki ornamentlər, şəbəkə sənətinin izləri Türkiyədəki bir çox abidə ilə oxşarlıq təşkil edir. Məhz Memar Əcəmi məktəbindən öyrənən bir sıra türk memarları, xüsusilə də İstanbulda memarlıq ənənələrini inkişaf etdirdilər.

O deyib: “Naxçıvanın digər bir möcüzəsi Duzdağa getdik. İçəriyə daxil olduğum andan məni cəzb edən bu yer bir çox xəstəliklərin şəfa mənbəyidir. Doğmalarımla birlikdə yenidən bura gələcəyəm. Həmçinin geri döndüyümüzdə qəzetimizdə Naxçıvan haqqında geniş bir məqalə yazacaq, hər kəsi bu diyarı bir daha yaxından tanımağa səsləyəcəyəm”.