14 yanvar 2021 18:46
264

Azad edilmiş ərazilərin canlanması iqtisadi inkişafa təkan verəcək

“İşğaldan aza edilmiş ərazilərdə bərpa,məskulaşma və quruculuq işlərinin Azərbaycan iqtisadiyyatının, hərtərəfli inkşafına təkanverici təsiri olacaq. 2021-ci ilin təsdiq olunmuş dövlət büdcəsində məqsədli olaraq bərpa, yenidənqurma işlərinin aparılması, eyni zamanda, həmin regionun Azərbaycan iqtisadiyyatına reinteqrasiyasının təmin edilməsi üçün 2,2 milyard manat vəsait nəzərdə tutulub. Prezident İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilər tam şəkildə yenidən qurulacaq, müasir, abad yaşayış məntəqələri və infrastruktur yaradılacaq, kənd təsərrüfatı, müxtəlif sənaye sahələri bərpa və inkişaf etdiriləcək.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova deyib.

Professor bildirib ki, azad edilmiş ərazilərin canlanması iqtisadi inkişafa təkan verəcək: “Bu təbii ki, böyük vəsait tələb edəcək. Ancaq digər tərəfdən, dövlət həm də iqtisadiyyatın müxtəlif sahələrinin - tikinti materialları istehsalının, nəqliyyatın, enerji istehsalının, müxtəlif sənaye sahələrinin, tikinti, bank sahələrinin inkişafına təkan verəcək. Kənd təsərrüfatının  taxılçılıq, tərəvəzçilik, meyvə istehsalı, heyvandarlıq sahələrinin inkişafı üçün böyük perspektivlər açılır. Ölkədə çox sayda yeni iş yeri yaradılacaq  Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri də daxil olmaqla xarici valyuta ehtiyatları hesabına evlərin və infrastrukturun tikintisini maliyyələşdirmək olar. Bundan əlavə, xarici borc olmadan  iqtisadiyyat dövlət-özəl sektor tərəfdaşlığı əsasında canlandırıla bilər. İqtisadçı ekspertlərin qənaətinə görə, Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun aktivləri daxil olmaqla ölkənin valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Ölkənin dövlət büdcəsi isə təxminən 15 milyard dollardır. Neft Fondunun aktivlərinin bir hissəsi xarici bazarlarda satıla və əldə edilən gəlirlər ərazilərin bərpasına yönəldilə bilər. Bununla da dövlət-özəl sektor əməkdaşlığı güclənəcək, xarici investisiyalar ölkəyə daxil olacaq.

T. Allahyarova vurğulayıb ki, artıq 10 noyabr Bəyanatı əsasında kommunikasiya xətlərinin açılması işlərinin  reallaşdırılmasına başlanılıb: “Azərbaycan regionun simasını dəyişən nəhəng kommunikasiya arxitekturasını formalaşdıracaq. Xalqımız Böyük Qələbə üçün olduğu kimi, Böyük Qayıdış və quruculuq işləri üçün bir nəfər kimi səfərbər olmalı, bu işə hər bir vətəndaş öz töhfəsini verməlidir”.

Nigar Orucova, “İki sahil”