11 iyul 2020 16:00
1859

Azər Allahverənov: Azərbaycanın növbəti beynəlxalq uğuru qürurvericidir

“Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir”

 

"Sevindirici və qürurverici haldır ki, yalnız Azərbaycan dünya ilə əməkdaşlıqda maraqlı deyil. Bu maraq, bu istək qarşılıqlıdır.  Cənab Prezidentə ünvanlanan dünya liderləri tərəfindən təşəkkür məktubları və müzakirə etmək üçün görüş keçirmək istəyi bir daha sübut edir ki, dünya birliyi özü Azərbaycanla əməkdaşlığa böyük həvəs göstərir.  Azərbaycan özünün təbii ehtiyatları və böyük iqtisadi potensialı,  dünyada coğrafi və siyasi mövqeyi ilə yeni bir cazibə nöqtəsidir. Azərbaycan dünyanın humanizm dəyərlərinə söykənən yeni iqtisadi, siyasi, və intellektual güc mərkəzinə çevirilir. Ölkəmiz inkişaf etdikcə onunla əməkdaşlıq etmək istəyən dövlətlərin, beynəlxalq təşkilatların sayı da artmaqdadır. Məlumdur ki, BMT-nin Baş katibi Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf  Məqsədlərinin həyata keçirilməsindən bəhs edib və  bu proqramda Azəraycanın fəal surətdə çalışdığını diqqətə çatdırıb. Təbii ki, dünya siyasətinə nəzər yetirərkən  görürük ki, dünyanı hansısa bir fikrin ətrafında birləşdirmək elə də asan iş deyil, bəzən isə mümkünsüzdür. Azərbaycan Respublikası  və onun uzaqgörən lideri bunu bacardı. Bu təşəbbüslərin hər biri dünya siyasət və diplomatiya  tarixinə Azərbaycan xalqının növbəti töhfələri kimi həkk olunacaq."

Bu fikirləri "İki sahil"ə açıqlamasında Dövlət Miqrasiya  Xidməti yanında İctimai  Şuranın sədri Azər Allahverənov bildirib.

A.Allahverənov  vurğuladı ki, bu baxımdan, Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində  166 ölkə arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb: “"Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir.  Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə mühüm irəliləyişlər edib. Təbii ki, bu Azərbaycanın beynəlxalq səviyyəli növbəti uğurudur: "Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur.

Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub.Bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib. Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi  xarakter daşıyır."

Ekspert son olaraq  əlavə etdi ki,  Azərbaycan Prezidenti İlham Əliyev təkcə regional məsələlərdə deyil, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir: "İqtisadi maraqlar deyil, insan sağlamlığı hər şeydən vacibdir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Cənab Prezident həmçinin dünyaya bir daha göstərdi ki, bir dövlətin başçısı, bir xalqın lideri olaraq onun üçün Azərbaycan vətəndaşlarının sağlamlığı , onun rifafı, təhlükəsizliyi, parlaq gələcəyi  prioritetdir. Dövlətlər də hər şeydən əvvəl iqtisadi maraqlarını deyil, insan amilini, onun sağlamlığını düşünməlidir.

Bir sözlə, bütün dövlətlərlə dostluğa xüsusi diqqət yetirən, həmçinin beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verən ölkəmiz xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əlaqələrin daha da inkişaf etdirilməsini öncül istiqamətlərdən biri hesab edir. Aparılan uğurlu xarici siyasi kursun nəticəsi kimi də Azərbaycan bu gün dünyanın önəmli beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər təşkilatların üzvü kimi onların işində yaxından iştirak edir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik, intensiv və çevik xarici siyasi kursun nəticəsidir ki, milli maraqlarımız hər zaman təmin olunub və Azərbaycan dünyanın önəmli dialoq məkanlarından birinə çevrilib. Bu uğurlu siyasət nəticəsində ölkəmizin çoxşaxəli fəaliyyəti nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. "

 

Yaqut Ağaşahqızı, "İki sahil"