01 dekabr 2020 13:35
1130

Azərbaycan aliminin tədqiqatları UNESCO tərəfindən bəyənilib

Araşdırmalar zamanı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri” kitabına rast gəldik. Türkmənistan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Azərbaycandakı kəhrizlər haqqında məlumat verən vəsait bu yaxınlarda işıq üzü görüb. Bu ölkələrdə kəhriz sistemlərinin vəziyyəti bizim üçün tam aydın olmadığından həmin kitabın ingilis dilinə tərcüməsi mərkəzimizin işinə əvəzsiz töhfə verəcək.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər UNESCO-nun İranda yerləşən aparıcı Beynəlxalq Kəhriz və Qədim Hidravlik Qurğular Mərkəzinin (ICQHS) baş tədqiqatçısı, insan coğrafiyası üzrə fəlsəfə doktoru Məcid Labbafın məktubunda yer alıb.

Beynəlxalq Kəhriz və Qədim Hidravlik Qurğular Mərkəzinin əsas funksiyası dünyanın quru və yarımquraq bölgələrində su ilə əlaqəli elmi-tarixi-texniki irsi təbliğ etmək və qorumaqdır. Son illər ICQHS tərəfindən su çatışmazlığı və iqlim dəyişiklikləri ilə bağlı məlumatları toplamaq və sənədləşdirmək üçün yeni missiyanın icrasına başlanılıb.

Qeyd edək ki, Əlövsət Quliyevin “Azərbaycan kəhrizləri” monoqrafiyasında qədim su mədəniyyəti abidələrimiz olan kəhrizlərdən, onların qazılma texnologiyasından, qazma alətlərindən, iş rejimindən, dünyanın digər ölkələrindəki kəhrizlərdən, onların mövcud vəziyyətindən, kəhrizlərin su sərfindən, suyun kimyəvi tərkibindən, coğrafi koordinatlarından, kəhrizlər üzərindəki tarixi abidələrdən bəhs olunur. Azərbaycanın ayrı-ayrı bölgələrində kəhriz sistemlərinin quruluşu, qazılma tarixi, kəhrizlərin təsir zonasında olan sahələr, suların keyfiyyəti və sərfi haqqında məlumatlar da monoqrafiyada öz əksini tapıb. Alim İpək Yolu üzərindəki ərazilərdə 4 minillik tarixi olan kəhrizləri, su quyularını, ovdanları, bulaqları və s. araşdırıb. O, UNESCO-nun “Qədim hidravlik sistemlər-kəhrizlər” üzrə dövlətlərarası idarə heyətinin, habelə bir sıra beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür.