16 may 2019 10:48
291

Azərbaycan Avropa Birliyindən konkret, prinsipial, ədalətli mövqe gözləyir

Dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri  ölkə və dünya mətbuatında geniş müzakirə olunur.  Azərbaycan-Avropa İttifaqı əlaqələrində yeni mərhələ kimi dəyərləndirilən bu səfər çərçivəsində keçirilən görüşlər,  aparılan müzakirələr bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun aydın ifadəsini yaradır. Politoloq Nəzakət Məmmədova səfərlə  bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki,  Prezident İlham Əliyevin  Brüsseldə  Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dair səsləndirdiyi fikirlər ölkəmizin qurumla  əlaqələrini  ən yüksək səviyyədə əks etdirir. Dövlətimizin başçısının  qeyd etdiyi kimi, Azərbaycan ilə Avropa ittifaqı arasında münasibətlər  uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir.

“Bildiyimiz kimi, həmin görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti vurğulanıb, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu da yaxın zamanlarda tərəfdaşlıq sazişinin Azərbaycanın milli maraqlarına uyğun müddəalarla birgə imzalanacağını deməyə əsas verir” söyləyən politoloq qeyd etdi ki,  Azərbaycan istər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində,  istərsə də ikitərəfli formatda Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir. Müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafı gələcəkdə bu əməkdaşlığın daha  yüksələn xətlə inkişafına stimul verir.

N.Məmmədova vurğuladı ki, Avropa Birliyi Cənubi Qafqaz regionuna böyük önəm verir və region ölkələri ilə əməkdaşlıq qurum üçün mühüm istiqamətlərdən biridir: “Şərq Tərəfdaşlığı Proqramına üzv olan münaqişə vəziyyətində  və ərazisinin bir hissəsini itirmiş ölkələr, o cümlədən Azərbaycan Avropa Birliyindən  münaqişələrə yanaşmada konkret, prinsipial, ədalətli mövqe gözləyir. Əgər Avropa Birliyi  bu məsələlərdə prinsipiallıq nümayiş etdirsə, o zaman o, tərəfdaş ölkələrlə münasibətdə uğur qazanacaq, əks halda münasibətlər qeyri-mükəmməl, yarımçıq xarakter alacaq ki, bu da qurumun  nüfuzunun azalmasına gətirib çıxaracaq.”

Nilufər Mustafaqızı, “İki sahil”