16 yanvar 2020 10:38
201

Azərbaycan-Avropa Şurası: 19 illik əməkdaşlıq

Hazırda dünyada insan hüquq və azadlıqlarının qorunması, bu sahədə mövcud beynəlxalq konvensiyaların daha da təkmilləşdirilməsi işi ilə məşğul olan ən mötəbər təşkilatlardan biri Avropa Şurası sayılır. 2001-ci il Azərbaycan-Avropa Şurası əlaqələrində mühüm yer tutur. Belə ki, məhz həmin ilin yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması haqda qərar qəbul etmişdir. 2001-ci il yanvarın 25-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmişdir. Məhz həmin dövrdən qurumun binasının qarşısında dövlətimizin bayrağı dalğalanır.

Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndəliyi cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib və ölkəmizin bu uğuru heç şübhəsiz ki, tarixi əhəmiyyətlidir. Ümummilli Liderin dediyi kimi, “Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir”.

Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü il mayın 14-dən altı aylıq dövr üçün təşkilatın Nazirlər Komitəsində sədrlik edib. Sədrlik dövründə Azərbaycan Avropa Şurasının fəaliyyətinin əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun aliliyi və demokratiyanın daha da inkişafı istiqamətində mühüm səylər göstərib, bu xüsusda qurumun üzv ölkələri və müxtəlif təsisatları ilə qarşılıqlı anlaşma şəraitində çalışıb. Azərbaycan Respublikasının sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələri əhatə edirdi. Azərbaycanda 18 mühüm beynəlxalq tədbir keçirilməsi isə heç də təsadüfi deyil və həmin prioritetlərin dəstəklənməsi məqsədi daşıyır ki, bu da Azərbaycanın uğurudur.

Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və qurum tərəfindən bu əməkdaşlıq yüksək qiymətləndirilir. Çünki ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb və bu, qurum tərəfindən də təsdiq olunub. Heç şübhə yoxdur ki, Avropa Şurasının tamhüquqlu və fəal üzvü kimi bu əməkdaşlığı gündən-günə gücləndirən Azərbaycan Şuranın insan haqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini hər zaman rəhbər tutur.

Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv seçildikdən sonra bu qurumla əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Heç təsadüfi deyil ki, 2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycan Respublikasının Assambleyadakı nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib. İlk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin avropalıların diqqətinə çatdırılması ölkəmizin ən boyük uğurudur. Xüsusilə qeyd etmək lazımdır ki, sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altıdakı Azərbaycan torpaqlarında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulanıb. Sadalanan faktların sənədlərdə yer alması ölkəmizin uğuru və nailiyyətidir. Hazırda Azərbaycan Avropa Şurasının insan haqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq bu qurum ilə əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir.

Sevinc Azadi, “İki sahil”