15 yanvar 2020 16:02
555

Azərbaycan-Belarus iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Belarusun Xarici İşlər naziri Vladimir Makey yanvarın 15-də Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla görüşüb.

Bu barədə AZƏRTAC-a Belarus XİN-in mətbuat xidmətində bildiriblər.

“Görüş zamanı ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib”, - deyə Belarus XİN-də bildiriblər.

BELTA agentliyi xəbər verir ki, görüşün təfərrüatı açıqlanmır. Lakin qeyd etmək yerinə düşər ki, Azərbaycanla qarşılıqlı fəaliyyət mövzusu bu yaxınlarda neft tədarükünün alternativ sxemi müzakirə edilərkən səslənmişdi.

Hökumət neft tədarükünün alternativ sxeminin hazırlanmasını davam etdirir, bütün mümkün variantlar öyrənilir. Belarus Baş Nazirinin birinci müavini Dmitri Krutoy jurnalistlərə deyib: “Biz müvafiq kommersiya təkliflərimizi yollamışıq. Bizim zavodların, Belarus neft şirkətinin bütün kommersiya xidmətləri praktik olaraq gündəlik danışıqlar rejimindədir. Zənnimcə, tezliklə biz də neft tədarükünün konkret alternativ variantlarını əldə edəcəyik. Bu ölkələr – həm Ukrayna, Polşa, həm Baltik ölkələri və Qazaxıstan, Azərbaycan ola bilər”. Sonradan KİV-lərdə Azərbaycanın Belarusa neft tədarük etməsinə hazır olması barədə məlumat dərc olunub və bu məsələ müzakirə edilib. Lakin konkret qərar hələ ki, verilməyib.