05 iyun 2020 11:51
1761

Azərbaycan  beynəlxalq maliyyə institutlarına yardım üçün  müraciət edən ölkələr arasında deyil

 Ölkəmizin  Asiya İnkişaf Bankı ilə  əməkdaşlığı qazanılmış təcrübə və  daha mühüm təşəbbüslər,  qarşılıqlı anlaşma prinsipləri  əsasında davam edir

«Bu gün də Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxa bilmişik. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək» söyləyən Prezident İlham Əliyevin sözlərini ötən ildən başlayaraq daha geniş miqyasda  davam etdirilən kompleks islahatlar da təsdiqləyir.  

 Siyasi və iqtisadi müstəqilliyinə nail olan ölkəmizdə davam edən  dinamik inkişafın, kompleks islahatların aparıcı beynəlxalq qurumlar tərəfindən  dəyərləndirilməsi, statistik rəqəmlərlə təhlili də göstərir ki,   Azərbaycanın  düşünülmüş siyasəti çoxlarına nümunədir.  Əvvəlki illərdə  ölkəmizdə keçirilən  mühüm əhəmiyyətli islahatlar coğrafiyasının əhatəliliyi  baxımından  2019-cu il  daha  yaddaqalan olmuş,  sürətli və inklüziv  iqtisadi  inkişafla nəticələnmişdir. Dünya Bankının  hesabatında Azərbaycanın 20 ən islahatçı ölkə arasında   yer alması respublikada  siyasi, iqtisadi, sosial sahələrdə həyata keçirilən yeniliklərin nəticəsidir. Ümumi daxili məhsulda artımın 2,2, qeyri neft sənayesində  14, kənd təsərrüfatında  7,3 faiz təşkil etməsi iqtisadiyyatın bütün sahələrində yeniliklərin tətbiqini  şərtləndirir.  Aqrar sahədə   artım  sayəsində  xüsusilə pandemiya dövründə  əhalinin  kənd təsərrüfatı məhsullarına tələbatı yerli imkanlar hesabına ödənilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan  infrastruktur layihələrinin həyata keçirilməsi, Prezident İlham Əliyevin regionlara səfərləri zamanı   iqtisadi və sosial əhəmiyyətli müəssisə  və obyektlərin istifadəyə verilməsi, fermer təsərrüfatlarının genişləndirilməsi  ümumilikdə ölkə iqtisadiyyatının möhkəmlənməsinə  əsaslı təsir edir.   Bütün sahələrdə şəffaflığın təminatı, kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, iqtisadiyyatın idarəetmə  mexanizmində  struktur və kadr dəyişiklikləri müsbət nəticələrini göstərməkdədir. Pandemiya dövründə yaranan çətinliklərin aradan qaldırılması üçün qısa müddətdə inşa olunan xəstəxanaların,   koronavirusla mübarizədə vacib amil olan qoruyucu tibbi vasitə və avadanlıq istehsal edən müəssisələrin istifadə verilməsi, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına,  15-ə yaxın dövlətə  yardım göstərməsi, başqa  ölkələrdə yaşayan soydaşlarımızın çarter reysləri ilə   respublikamıza gətirilməsi, iqtisadiyyatımızın düzgün istiqamətdə inkişafı nəticəsində yaranan güclü maliyyə imkanlarımızla  bağlıdır.
 Asiya İnkişaf Bankının təşəbbüsü ilə  Prezident İlham Əliyevlə  bankın rəhbərliyi arasında keçirilən videokonfransda  ölkəmizlə  əlaqələrin genişlənməsində maraqlı olan bankın prezidenti  Masatsuqu Asakavanın «Biz etibarlı tərəfdaşınız olaraq COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyirik. Bu, bizə ölkənizin ehtiyaclarına uyğun optimal cavab tədbirləri hazırlamağa imkan verəcəkdir» sözləri Azərbaycana beynəlxalq səviyyədə göstərilən etimad və inamdan qaynaqlanır. Azərbaycan ilə Asiya İnkişaf Bankı arasındakı əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirən  Prezident İlham Əliyevin vurğuladığı kimi, qurulan çox güclü tərəfdaşlığının bariz nümunəsi Asiya İnkişaf Bankının illik toplantısının 2015-ci ildə Bakıda keçirilməsidir.

 Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı  3 milyard ABŞ dolları həcmində kredit elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrinə yönəldilir. « Əlbəttə ki, biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə görə sizə çox minnətdarıq. Mən sizə deyə bilərəm ki, Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub. Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi» söyləyən cənab İlham Əliyev   suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələrin əhəmiyyətindən də söz açır.
 Bütün dünya dövlətlərinin iqtisadiyyatının zəiflədiyi bir zamanda  Azərbaycanda pandemiyadan zərər çəkən sektorlara,  işsizlərə, aztəminatlı ailələrə və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanlara dəstək olan 2 milyard avrodan çox vəsaitin ayırılması  təcrübəsi də dəstəklənir. Qeyd olunduğu kimi, təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb.
 Dörd ay ərzində  iqtisadi artımın əvvəlki illərlə müqayisədə  nisbətən az olmasına baxmayaraq, Azərbaycanın dövlət büdcəsi yeni reallıqlara uyğunlaşdırılır. Əsas odur ki,  sosial layihələrin heç biri ixtisara salınmayıb.

«Mən bilirəm ki, çox ölkələr, eşitdiyimə görə, 150-dən çox ölkə maliyyə dəstəyi üçün artıq beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan onların arasında deyil. Bilirsiniz ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub» söyləyən Prezident İlham Əliyev iqtisadiyyatın dinamik inkişafının daim diqqətdə saxlanıldığını vurğulayıb.

 Pandemiya ilə mübarizədə də xeyirxah təşəbbüsləri ilə seçilən Azərbaycanın humanizm prinsipinə əsaslanan yardımlarını dəstəkləyən bankın prezidentinin söylədiyi « Sizin rəhbərliyinizlə beynəlxalq platformalarda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi məndə dərin təəssürat yaratdı. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması da təqdirəlayiq haldır. Həmçinin bilirəm ki, pandemiyadan əziyyət çəkən 13 ölkəyə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərilib» sözləri ölkəmizin multikultural dəyərlərinin beynəlxalq səviyyədə dəstəklənməsidir.
  Cari ilin ilk 4 ayı ərzində Azərbaycanın makroiqtisadi göstəriciləri kifayət qədər sabit olduğu kimi, dövlət büdcəsinə daxilolmalarda  da artım müşahidə edilir. Azərbaycanla  Asiya İnkişaf Bankı arasında biznes əməliyyatları strategiyası əsasında  fəaliyyət  davam etdirilir.   Azərbaycanda peşə təlimi sisteminin gücləndirilməsi ilə bağlı bankla əməkdaşlıq,  layihə ilə bağlı  Asiya İnkişaf Bankı və ölkəmizin Təhsil Nazirliyi arasında  aparılan müzakirələr səmərə verir.
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və inklüziv artımın təşviqinə, eləcə də koronavirus böhranına baxmayaraq, iqtisadiyyatın bərpa olunmasına yönəlmiş strateji inkişaf gündəliyinə verilən dəstəyin davam etdiriləcəyinin diqqətə çatdırıldığı müzakirələrdə  şaxələndirilmiş iqtisadiyyatın tələbatlarına daha yaxşı cavab vermək, dövlət və özəl sektorlar arasında tərəfdaşlığı təşviq etmək üçün infrastrukturun  inkişafı ilə də bağlı təkliflər irəli sürülmüşdür.

Xuraman İsmayılqızı,

«İki sahil»