KÖŞƏ

Qvami Məhəbbətoğlu

Azərbaycan bütün imkanları səfərbər edib ki...

21 aprel 2020 10:38
3325

Dünyanı cənginə almış koronavirus pandemiyası insanların sosial müdafiəsinin daha da gücləndirilməsini bir zərurətə çevirib. Bu istiqamətdə ölkəmizdə də bir sıra sosial tədbirlər həyata keçirilməkdədir. Belə ki, bu bəladan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi artıq dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı isə 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, yalnız bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları da tam ödənilir. Hazırda karantin rejimi ilə əlaqədar bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir.

Aztəminatlı ailələrin sosial müdafiəsi də diqqət mərkəzindədir. Belə ki, işsizlər və qeyri-formal işlədiklərinə görə işsiz statusuna malik olan 200 min insanın dövlətdən 190 manat yardım alacağı planlaşdırılmışdı və aprelin 9-dan bu ödənişlərə başlanılmışdı. Amma aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda Prezident İlham Əliyev ümumi vəziyyəti nəzərə alaraq bu kateqoriyaya aid olanların sayının 600 minə çatdırılmasının vacibliyini bildirmişdir. Bu isə o deməkdir ki, dövlət 200 min əvəzinə 600 min insana iki ay ərzində hər ay 190 manat vəsait verəcək.

Ölkə başçısının tapşırığı ilə haqqı ödənilən ictimai iş yerləri proqramı da uğurla davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, bu proqram təqribən 30-40 min ətrafında nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev sözügedən iclasda pandemiyaya görə işsizliyin qaçılmaz artımını nəzərə alaraq bu göstəricinin artırılmasının vacibliyini də qeyd etmişdir: “...indi hesab edirəm ki, biz daha böyük rəqəmə çatmalıyıq və bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır”. Həm də bu məsələyə ciddi nəzarətin olmasının vacibliyi vurğulanmışdır. Artıq bu proqramın icrasına başlanmışdır. Belə ki, məlumata görə, indiyədək beş min işsiz şəxs bu işlərə cəlb edilmişdir.

Artıq Dünya Bankının dəstəyi ilə icra olunacaq özünüməşğulluq proqramının həyata keçirilməsinə isə həm də Azərbaycan bankları fəal şəkildə qoşulublar. Bu məqsədlə cari ildə 12 min ailə üçün mikrotəsərrüfatın yaradılması planlaşdırılıb. Yeri gəlmişkən, qeyd edək ki, bu il üçün 11 min ailə hədəf kimi müəyyən edilmişdi. Lakin yaranmış vəziyyətə uyğun olaraq bu say da artırılıb. Ünvanlı dövlət sosial yardımı proqramı da uğurla icra olunur. Artıq 80 min ailə, 330 mindən çox fərd ünvanlı sosial yardım proqramı ilə də əhatə olunub. Üstəlik, Prezident İlham Əliyevin tapşırığına əsasən, ünvanlı sosial yardım proqramının icra mexanizmi də sadələşdirilib.

Nazirlər Kabinetinin “Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” Qərarına əsasən, əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən iki ay müddətində 100 kilovat-saat artırılaraq 400 kilovat-saata çatdırılıb. Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı da dövlət tərəfindən ödəniləcək. Bu məqsədlə 40 milyon manat vəsait ayrılıb. Bu qərar 17 min tələbəni əhatə edir.

Prezident İlham Əliyevin aprelin 14-də imzaladığı digər Sərəncama əsasən isə xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən 2 min nəfərə aylıq vəzifə maaşının bir misli miqdarında əlavə pul veriləcək. Qeyd edək ki, hazırda 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir. Belələrinə özəl şirkətlər, təşkilatlar, dövlət qurumları tərəfindən də yardımlar edilir. 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. On dörd min nəfəri əhatə edən bu tədbir üçün 2,6 milyon manat ayrılıb. Şübhəsiz, bu faktlar dövlətimizin öz vətəndaşlarına göstərdiyi diqqətin bariz nümunələridir. Prezident İlham Əliyev sözügedən tədbirdə bununla bağlı demişdir: “Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun.”