19 may 2020 10:55
355

Azərbaycan bütün innovativ təşəbbüslərə açıqdır

Prezident İlham Əliyevin CISCO şirkətinin rəhbərləri ilə keçirdiyi videokonfransda ölkəmizlə bağlı bir çox layihələrin icrası müzakirə olunub

Prezident İlham Əliyevin bütün innovativ və humanitar təşəbbüsləri dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən birmənalı olaraq təqdir olunur. Məhz ötən həftə ölkə başçısının CISCO şirkətinin rəhbərləri ilə videoformatda görüşü də bir daha sübut etdi ki, Prezident İlham Əliyev innovativ texnologiyaya önəm verən, müasir dünyanın nəbzini tutan liderdir.

Önəmli haldır ki, CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində haqlı olaraq cənab Prezident İlham Əliyevin liderlik səylərini yüksək dəyərləndirmişdi. Sözügedən şirkətin Azərbaycanla əməkdaşlığı nəticəsində ölkəmizdə tətbiq edilən “Ağıllı şəhər”, “Ağıllı ölkə”, “Ağıllı kənd təsərrüfatı” və “Ağıllı məktəb” proqramları bir daha sübut edir ki, şirkətlə ölkəmiz arasında çox mühüm əlaqələr mövcuddur və Azərbaycan CISCO üçün əməkdaşlıq baxımından kifayət qədər cəlbedici ölkədir.

Sürətlə dəyişən dünyanın yeniliklərini ölkəmizdə tətbiq etməyə çalışan Prezident İlham Əliyev təkcə regionda deyil, dünya miqyasında müasir texnologiyaya dəstək verən liderlərdəndir. COVID-19 virusu ilə əlaqədar olaraq bilavasitə ölkə başçısının təşəbbüsü ilə reallaşan bütün videokonfrans formatında görüşlər bunun əyani sübutudur. Eyni zamanda, hazırda CISCO şirkəti ilə Azərbaycanın müvafiq strukturları arasında çox uğurlu əməkdaşlıq həyata keçirilir və bu əməkdaşlığın gələcək konturları da artıq məlumdur. Vahid məlumatlar sisteminin yaradılması prioritet məsələlərdən biridir ki, bu da ümumi daxili məhsulun artımı, iş yerlərinin yaradılması və innovasiyaların tətbiq edilməsi işinə xidmət edəcək.

CISCO-nun vitse-prezidenti Qay Ditrix də müzakirə olunan məsələlərə toxunaraq demişdir: “Onların hamısı Sizin əsas prioritetlərinizlə bağlıdır. Siz onları təxminən iki il əvvəl bizim qarşımızda təsvir etdiniz. Biz ildə iki dəfə Bakıda, yaxud Davosda keçirdiyimiz görüşlərdə Sizə yenilikləri çatdırırdıq. “Ağıllı şəhər” layihəmiz yəqin ki, xatirinizə gəlir. Biz, əslində, “Ağıllı avtovağzal” ilə başladıq və şəhərdə həmin sahəyə aid bütün müxtəlif cəhətləri əlavə etdik. Özü də bu addımı hərtərəfli sınaq formatında atdıq. Nəticə inanılmaz dərəcədə uğurlu oldu. Çoxsaylı müsbət rəylər daxil oldu. Çox yaxşı məlumatlar toplanıldı”. Q. Ditrix daha bir layihədən bəhs edərək bildirmişdir ki, ümumi məqsəd bir-biri ilə bağlantısı olan “Ağıllı məktəblər” və təhsil proqramlarını yaratmaq, bu sahədə qlobal liderlik qazanmaqdır.

Prezident İlham Əliyev də bu beynəlxalq qurumun fəaliyyətinə daim önəm vermişdir. Belə ki, ölkəmizin başçısı iki mühüm tədbirin - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə və Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün videokonfrans şəklində təşkilində CISCO-nun avadanlıqlarının keyfiyyətini yüksək dəyərləndirmiş və şirkətlə əməkdaşlığın uğurla davam etdiyini vurğulamışdır: “Şadam ki, Davosda keçirdiyimiz görüşdən sonra böyük irəliləyişə nail olmuşuq. Heyətim mənə məlumat verib ki, bu sahələrdə, xüsusən də müzakirə etdiyimiz kimi “Ağıllı şəhər” layihəsi sahəsində işlər yaxşı gedir. İndi isə siz yeni “Smart ölkə” ideyası ilə çıxış edirsiniz. Nəinki şəhər infrastrukturu, nəqliyyat, dayanacaq yerləri və bəzi digər şəhər infrastrukturu, o cümlədən qlobal “Smart ölkə” konsepsiyası ortaya çıxır və biz onu tam dəstəkləyirik. Söylədiyiniz kimi, o, təhsili, kibertəhlükəsizliyi, səhiyyəni və əvvəlcə müzakirə etdiyimiz kimi, əlavə edərdim ki, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunmasını əhatə edir... Lakin ilk olaraq mənə sizin “Quantela” şirkəti ilə əməkdaşlığınız haqqında məlumat verildi. Əlbəttə ki, biz bunu tam dəstəkləyirik. “Smart ölkə” layihəsinin inkişaf gündəliyi üzrə tam tədqiqatın, bir növ “yol xəritəsi”nin hazırlanması da fikrimcə, çox faydalı olardı”.

CISCO rəhbərləri ilə videokonfrans zamanı sosial-iqtisadi sahədə bir çox istiqamətlər üzrə gerçəkləşdiriləcək layihələrdən bəhs edilmişdir. Belə ki, kibertəhlükəsizlik, energetika, səhiyyə, kənd təsərrüfatı və digər sahələrlə bağlı söhbətlər aparılmışdır. Prezident İlham Əliyev bütün sahələrdə əməkdaşlıq və tərəfdaşlığın uğurla davam edəcəyinə inamını bildirmişdir: “Əminəm ki, bizim strateji tərəfdaşlığımız yalnız güclənəcək. Çünki bizim ölkənin müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var. Bizim uzun illərdir ki, əməkdaşlıq təcrübəmiz var. Artıq qeyd etdiyim kimi, burada layihələrin uğurlu icrası birgə səylərimizin ən yaxşı təzahürüdür. Bizim baxışlarımız tam üst-üstə düşür və potensialımızı səfərbər etməklə biz nisbətən qısa müddət ərzində çox işlər görə bilərik. Bu isə bizim Azərbaycanın müasirləşdirilməsi baxışımıza tam uyğun olacaq. Koronavirus pandemiyası başa çatdıqdan sonra sizi Bakıda görməyə ümid edirəm”.

Ümumilikdə, Prezident İlham Əliyevin irəli sürdüyü “Ağıllı ölkə” layihəsi Azərbaycanın inkişafında keyfiyyətcə və məzmunca yeni mərhələ olacaq və ölkəmizin yeni məzmunda inkişafına imkan yaradacaq.

Elçin Zaman, “İki sahil”