16 oktyabr 2019 10:51
1155

Azərbaycan bütün türk dünyasının mərkəzinə çevrilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü bu birliyə böyük dəstək olacaq

“Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlətimizin başçısı  İlham Əliyev bu çağırışı edir ki,  türkdilli dövlətlərin birilyi daha da gücləndirilməlidir. Bu birliyin nümunəsi olan Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığı faktlar əsasında diqqətə çatdırılır.  Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu  bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə  haqq işimizin müdafiəsi üçün  Azərbaycan qədər əzmkarlıq göstərir. Rəsmi dövlət  nümayəndələrinin, eyni zamanda,    güclü diasporun   Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdikləri səylər qardaş, dost  dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyliyi yolunda  atılan ciddi siyasi addımlar hesab olunur.

Hər iki dövləti təmsil edən yüksək səviyyəli  nümayəndə heyətlərinin iştirakı ilə Bakıda və  Ankarada keçirilən  görüşlər  xalqlarımız arasında  dostluq və qardaşlığın əbədi, sarsılmaz  simvolu kimi yüksək dəyərləndirilir. Son illərdə türk dünyasının birliyi naminə Bakıda keçirilən biri-birindən mühüm və tarixi əhəmiyyətli tədbirlər -dünya azərbaycanlılarının qurultayları, türk dövlətləri başçılarının zirvə toplantısı türk dünyasının güclənməsinə böyük dəstəkdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşü bu baxımdan xüsusi diqqət çəkir. Bu ideyanın möhkəmlənməsində  Azərbaycan öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirir. Bu mühüm məqam xüsusi qeyd edilir ki,  türkdilli ölkələr arasında  iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsi vacibdir. Bu  əməkdaşlığın fonunda  türk birliyi ideyasının daha da möhkəmlənməsinə töhfə  vermək olar. Azərbaycan-Türkiyə dostluğu, əməkdaşlığı bariz nümunə kimi vurğulanır.    

 “Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi-bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki,  maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə  sübut edir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması  və eyni zamanda, ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan  Azərbaycan torpaqları  azad olunmayınca sərhədlərin açılması mümkün  deyil” kimi qərarında israrlı olan rəsmi Ankaranın  bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın sarsılmazlığını təsdiqləyir.

Dövlətimizin başçısı İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin ümumilikdə bütün türk dünyasının birliyinə öz müsbət təsirini göstərdiyini vurğulayır.  Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması, baş ofisinin Bakıda yerləşməsi  bu həqiqəti ortaya qoyur ki, Azərbaycan bütün türk dünyasının mərkəzinə çevrilib. Prezident İlham Əliyev hər bir çıxışında bütün türk dünyasını birliyə, həmrəyliyə çağıraraq bildirir ki, bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalıdır. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayının, həmçinin Dünya  Azərbaycan və türk  diaspor təşkilatları rəhbərlərinin  Forumunun Bakıda keçirilməsi kimi biri-birindən mühüm addımlar da  bu istəkdən qaynaqlanır.

Dövlət başçısı  Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsinin həm ölkələrimiz, xalqlarımız, həm də  dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti olduğunu bildirir. “Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı  soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub,  yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı  bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək  soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki,  dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında  qərar qəbul edirlər. Biz buna qarşı öz siyasətimizi, öz həqiqətimizi, öz təbliğatımızı, öz gücümüzü qoymalıyıq. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq bizim işimizdir-dövlətlərin, diaspor təşkilatlarının, hər bir vətənpərvər  insanın işidir” bildirən cənab İlham  Əliyev “Gücümüz birliyimizdədir” söyləməklə bütün türk dünyasını vahid mövqedən çıxış etməyə, birgə səylər göstərməyə çağırır.

Bu fakt da inkaredilməzdir ki,  Azərbaycanın yerləşdiyi coğrafi məkan  geosiyasi, iqtisadi və strateji  baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyətli rol oynayır. Yəni ölkəmizlə əməkdaşlıqda, səylərin birləşdirilməsində, təcrübə mübadiləsində maraqlı olan dövlətlərin, şirkətlərin sayı artmaqda, Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin qovuşuğunda yerləşən ölkə olaraq mövqeyini möhkəmləndirməkdədir. Gerçəkləşən layihələr, atılan addımlar, eyni zamanda,  Azərbaycanın tranzit ölkə kimi də möhkəmlənən mövqeyinə  işıq salır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin təcəssümü kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında söylədiyi  “Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər” fikri birgə səylərin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaratdığına bir daha işıq salır.  Daim əhəmiyyəti enerji layihələri ilə eyni şəkildə dəyərləndirilən  Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən etibarlı yol kimi qeyd edilir.

Dövlətimizin başçısı  İlham Əliyevin qeyd etdiyi kimi, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi Azərbaycanın regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuzuna aydınlıq gətirir və bu inam  ifadə olunur ki, icrası başa çatan və çatmaqda olan, həmçinin qarşıya qoyulan hədəflərə nail olmaq  üçün  gündəmə gətirilən layihələr Azərbaycanın rolunu daha da artıracaq.  “Star” neft emalı zavodunun açılışında səsləndirilən fikirlər də deyilənlərin təsdiqidir.

Regionda sülhün, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyinin, iki dövlətin siyasi iradəsinin və qətiyyətinin sayəsində reallaşan layihələr göz önündədir. Azərbaycan və Türkiyəni  eyni köklər üzərində böyüyən ulu bir çinarın budaqlarına bənzədən  Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirmişdir ki, həmin çinarın kölgəsi həyata keçirdiyimiz layihələrlə bu gün Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzandı. “Star” neft emalı zavodunun  Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biri olduğunu vurğulayan  Fatih Dönməz həyata keçirilən layihələrin Azərbaycanın və Türkiyənin bölgədəki gücünü daha da artıracağına əminliyini ifadə etmişdir.

“Enerjinin İpək Yolu” kimi dəyərləndirilən TANAP  zamanın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə,  oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına  töhfə verəcək. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. İlkin mərhələdə layihənin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Enerji sektorunda əldə olunan uğurlar sırasında xüsusi yer tutan TANAP və “Star” neft emalı zavodunun istifadəyə verilməsi yalnız enerji təhlükəsizliyi deyil,  Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə verəcəyi  töhfələr də geniş şərh olunur.   TANAP-ın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ölkəmiz regional enerji xətlərinin mərkəzinə çevrilmək missiyasına TANAP vasitəsilə bir addım da yaxınlaşdı” söyləyərək gündəmə gətirilən layihələrin reallığa çevrilməsində böyük qətiyyət və səy nümayiş etdirən Azərbaycan və Türkiyənin bu kimi addımlarının nəticəsi olaraq region və dünya dövlətlərinin də  davamlı iqtisadi inkişafı üçün əlverişli şərait yarandığına diqqət yönəltmişdir.

BTC, BTƏ neft-qaz kəmərləri, BTQ dəmir yolu, TANAP, “Star” neft emalı zavodu  Azərbaycan və Türkiyənin birgə formalaşdırdığı regional inkişaf, tərəqqi və özünəinam mühitinin qələbəsi kimi dəyərləndirilir. Yuxarıda  qeyd etdiyimiz kimi, əhəmiyyətinə görə neft-qaz layihələrindən geri qalmayan, Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də  istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətlidir.  “Bakı-Tbilisi-Qars dəmir  yolu  Avropanı Asiya ilə birləşdirən  ən qısa və etibarlı yoldur” söyləyən cənab İlham Əliyev bildirir ki,  dəmir yolu Avrasiyanın nəqliyyat  xəritəsinin önəmli  hissəsinə çevrilir. Dəmir yolunun əhəmiyyətindən bəhs edərkən bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasını da qeyd etməliyik.

Reallaşan hər bir layihə region və tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir. Türkiyə rəsmiləri də bu məqamı  qeyd edirlər ki, qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan və Türkiyənin  mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur.

Rəsmi Ankaranın yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi, beynəlxalq təşkilatlarda Azərbaycana dəstəyi məlumdur.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışı, səsləndirdiyi bəyanatlar bir daha bu iki dost, qardaş ölkə arasında birliyin, həmrəyliyin sarsılmazlığını dünyaya nümayiş etdirdi. Rəcəb Tayyib Ərdoğan regionda sabitliyin, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi, həmçinin dünyaya ünvanlanan haqq, ədalət çağırışı fonunda əsas diqqəti Dağlıq Qarabağ probleminə yönəldərək bildirib ki,  BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də  Ermənistanın işğalı altındadır.  Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir.  Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır.

Hər bir məsələdə Azərbaycanın yanında olan rəsmi Ankara dünyaya bu çağırışı edir ki, bütün münaqişəli məsələlər beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalı, ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Ötən il  “Star” neft emalı zavodunun açılışında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdikləri təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz.

Dövlətimizin başçısı İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündə də  iki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi önə çəkilərək bu inam ifadə edilmişdir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşü  ölkələrarası əməkdaşlığın genişləndirilməsinə böyük töhfə olacaq.

Yeganə Əliyeva, “İki sahil”