06 iyul 2020 18:08
1185

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində 54-cü pillədə qərarlaşıb

Bu gün qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl islahatlar konsepsiyası iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib, dünyada söz sahibi olan dövlətə çevrilib.

Bu gün Azərbaycan dünyada yüksək nüfuza sahib olan dövlət kimi tanınır. Ölkəmizdə aparılan sistemli islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Beynəlxalq aparıcı reytinq agentlikləri Azərbaycanın reytinqlərini davamlı surətdə ilbəil artırırlar. Ölkəmizdə inkişafın dinamizmi, reallaşdırılan islahatlar dünyanın ən nüfuzlu təşkilatları tərəfindən təqdir edilir. Bu baxımdan Dünya Bankının hazırladığı “Doing Business” reytinqində Azərbaycan hər il irəliləyişlərə nail olur. “Doing Business 2020” hesabatında Azərbaycan islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb. Bu, Dünya Bankının Azərbaycana verdiyi böyük dəyərdir. Azərbaycan Dünya Bankı ilə 25 ildən artıqdır ki, əməkdaşlıq çərçivəsində geniş və uzunmüddətli davamlı inkişaf layihələrinin həyata keçirilməsində tərəfdaşlıq edir. Ötən illər ərzində müxtəlif iqtisadi proqramların həyata keçirilməsi, struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması və digər sahələrdə Azərbaycanın Dünya Bankı ilə səmərəli və uğurlu layihələri icra olunub.

Bu yaxınlarda Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Azərbaycan bu baxımdan dünyada hər 3 ölkədən 2-ni qabaqlaya bilib. “Davamlı inkişaf məqsədləri indeksi”nə görə, Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 ABŞ dollardan az olan yoxsul qeydə alınmayıb. Ölkəmizdə hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşlaşma olub. Bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir.

 Prezident İlham Əliyevlə Dünya Bankının rəhbərliyi arasında keçirilən videkonfransda səsləndirilən fikirlər bu əlaqələrin daha da inkişaf etməsini təsdiq edir. Videokonfrans əməkdaşlığın yeni perspektivlərini və istiqamətlərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu videokonfrans Dünya Bankı ilə ölkəmiz arasında yaxın gələcəkdə iqtisadiyyatın sağlamlaşdırılması, uzunmüddətli dayanıqlı artımın təmin edilməsi və yeni çağırışlara uyğun proqramların gerçəkləşməsində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev bildirib ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi: “Eyni zamanda, iqtisadi islahatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafı mümkün deyil. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz postneft dövrünə hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır. Çünki neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə çox mənfi təsir göstərmişdir. Ona görə bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir, aparılan islahatların nəticəsidir. Məhz şəffaflıq, dürüstlük və islahatlar nəticəsində keçən il büdcə daxilolmalarının həcmi proqnozdan əlavə bir milyard manat artmışdır və bu vəsait böyük dərəcədə imkan vermişdir ki, bir çox sosial layihələr icra edilsin. Bu ilin birinci rübünün yekunları göstərir ki, pandemiyaya baxmayaraq iqtisadi artım var”.

Beləliklə, Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə regional liderə çevrilməsi dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə yeni mərhələdə müasir dövrün çağırışlarına uyğun həyata keçirilən inkişaf startegiyasının məntiqi nəticəsidir.

Zahid Rza, “İki sahil”