23 yanvar 2020 20:03
1202

Azərbaycan Davos Forumunun çox mühüm üzvünə çevrilib

Hər il bu vaxtlar dünyanın qüdrətli və məşhur insanları İsveçrənin kiçik şəhəri - dəniz səviyyəsindən 1560 m hündürlükdə yerləşən, 254 km2 əraziyə və 11.000 nəfərlik əhaliyə malik olan Davosa toplaşaraq günün böyük məsələlərini müzakirə edirlər. Burada keçirilən Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1971-ci ildə akademik Klaus Şvab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda təxminən 3000 iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib.

Davos İqtisadi Forumunun əhəmiyyəti daha çox forumun iştirakçılarının və orada müzakirə olunan dünyəvi problemlərin dairəsinin tərkibi ilə bağlıdır. Belə ki, adından da göründüyü kimi, forumun işində prioritet dünya iqtisadiyyatının mövcud problemlərinin və onların optimal həlli yollarının müzakirələridir.

Diqqət çəkən əsas məqamlardan biri də budur ki, öz tarixi ərzində bu mötəbər tədbir yalnız iki dəfə Davosdan kənarda keçirilib. Bizim üçün çox qürurverici haldır ki, bu dünyəvi foruma ABŞ-dan başqa yalnız Azərbaycan ev sahibliyi edib. 2013-cü ildə Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyinə dair strateji dialoq” mövzusunda keçirilmiş Dünya İqtisadi Forumu həqiqətən də bu beynəlxalq qurumun ölkəmizin iqtisadi inkişafında qazanılmış uğurlara verdiyi yüksək tarixi bir dəyər kimi qiymətləndirilə bilər. Ölkəmizə göstərilən bu yüksək etimad həm də Azərbaycan Prezidentinin Dünya İqtisadi Forumunda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdiyi çoxsaylı və yüksək səviyyəli işgüzar görüşlərin nəticəsi kimi qəbul olunmalıdır.

Qeyd edək ki, 27-31 yanvar 1995-ci ildə ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və ulu öndər Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Heydər Əliyev ?Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu ?resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında ?istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib.? Ulu Öndər bildirib: “Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır”.

Ümummilli lider Heydər Əliyev 27-30 mart 2000-ci ildə Davosda “Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun” mövzusunda sessiyada iştirak edib. Səfər çərçivəsində Heydər Əliyev Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvab ilə görüş keçirib. Klaus Şvab dünyanın bütün ölkələrinin Qafqaza böyük maraq göstərdiyini bildirib, Bakı-Tbilisi -Ceyhan əsas ixrac boru kəmərinə dair imzalanmış sazişin Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının əyani nümunəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev də bir neçə dəfə Davos iqtisadi forumlarında Azərbaycanı təmsil edib, burada iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşüb danışıqlar aparıb. Cənab İlham Əliyev DİF-də dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib. Davos Forumu “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında keçirilib. 25 yanvar 2007-ci ildə Davos forumu çərçivəsində keçirilən “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Azərbaycan dövlətinin başçısı ölkədə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulayıb, bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun günbəgün artdığını qeyd edən dövlət başçısı energetika sahəsində əldə olunan uğurların bütövlükdə region üçün əhəmiyyətini qeyd edib. Səfər çərçivəsində Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun icraçı prezidenti Klaus Şvabla görüşüb. Klaus Şvab Azərbaycan Prezidentinin bu mötəbər Forumda iştirakının əhəmiyyətini vurğulayıb, Azərbaycanın enerji sahəsində artan rolu, regional əməkdaşlıqda iştirakını yüksək qiymətləndirib.

Yeri gəlmişkən, Azərbaycanın forumda ilk iştirakından artıq 25 il müddət keçir və bu müddət ərzində Dünya İqtisadi Forumu ilə ölkəmiz arasında əməkdaşlıq çox böyük və uğurlu inkişaf yolu keçib. Hər il forumun mövzusu yenisi ilə əvəz olunur. Bu il yanvarın 21-dən başlayaraq dörd gün ərzində keçiriləcəyi məkanda yalnız bərpa olunan enerjidən istifadə ediləcəyi nəzərdə tutulmuş Dünya İqtisadi Forumunun bu ilki mövzusu “Dayanıqlı və sıx birləşmiş dünyanın marağında olan tərəflər” adlanır.

Yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Forumun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə vurğulanır ki, “Azərbaycan enerji layihələrini də uğurla həyata keçirməyə davam edib. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində Avropanın səylərinə dəstək verən Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard ABŞ  dolları olan bu layihə 4 hissədən ibarətdir”.

Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun çox nüfuzlu üzvlərindən birinə çevrilib. Ölkə rəhbərinin  Davos Forumunda iştirakı Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır. Prezident İlham  Əliyevin Davosda şirkət rəhbərləri görüşlər keçirməsi də əlaqələr baxımından mühüm əhəmiyyətə malikdir.

Sevinc Azadi, “İki sahil”